Fransa Prezidenti Emmanuel Makron TF1 və “France 2” telekanallarına müsahibəsində Avropada Rusiyadan qaynaqlanan təhlükənin artdığını bildirib.
NUHÇIXAN xəbər verir ki, o, Ukraynadakı müharibə, Rusiyanın Avropadakı fəaliyyətləri, Yaxın və Orta Şərqdəki gərginliklər, enerji təchizatı və Fransada yanacağın qiymətinin artması ilə bağlı açıqlamalar verib.
O, Amerika Birləşmiş Ştatları kəşfiyyatının Fransanı Rusiyanın mümkün dron hücumu barədə əvvəlcədən xəbərdar etməsi ilə bağlı məlumatı təkzib edib. Bununla yanaşı, Prezident Avropada təhlükəsizlik vəziyyətinin pisləşdiyini və Rusiyaya aid edilən düşmənçilik xarakterli fəaliyyətlərin son həftələrdə artdığını qeyd edib.
Fransanın hava limanlarının mümkün hədəfə çevrilməsi ehtimalı ilə bağlı suala cavab verən Makron Rusiyanın Orli, Şarl-de-Qoll və ya Marsel-Marinan hava limanlarına dron göndərməsinin mümkünlüyünü istisna etməyib. O, eyni zamanda, Fransada indiyədək Leypsiqdə baş verən hadisəyə bənzər hücumun qeydə alınmadığını vurğulayıb.
Fransa Prezidenti təhlükəsizlik risklərinə cavab olaraq, həssas infrastruktur obyektlərinin mühafizəsinin gücləndiriləcəyini açıqlayıb. Bununla yanaşı, Rusiyanın yeni hərbi səfərbərlik həyata keçirə biləcəyinə dair məlumatlardan danışan Makron 300 min əlavə hərbçinin səfərbər ediləcəyi ssenarisini “inandırıcı” hesab etdiyini bildirib.
Makron enerji böhranına da toxunaraq, Hörmüz və Bab-əl-Məndəb boğazları ətrafındakı vəziyyətin yanacağın qiymətinin artmasının əsas səbəblərindən biri olduğunu deyib. O, Fransanın ilin sonunadək dizel, qaz və yanacaq təminatını qorumaq üçün tədbirlər gördüyünü, həmçinin strateji ehtiyatların koordinasiyalı şəkildə bazara çıxarılmasının müzakirə olunduğunu bildirib. Həmçinin Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini, Fransa tərəfindən əlavə radar və raketlərin göndəriləcəyini açıqlayıb. Parisin Rusiya və Ukrayna arasında müəyyən sahələr üzrə “ikili moratorium” təklif etdiyi də bildirilib.
