Türkiyə və Misir Qara dənizdə gəmiçiliyin və taxıl ixracının qismən bərpasına imkan verəcək formulun axtarışı, Hindistan isə Ukrayna ilə Rusiya arasında mümkün enerji atəşkəsi üzərində işləyir.
NUHÇIXAN xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform”a müsahibəsində deyib.
“Hazırda üç ölkə müvafiq həll yollarının axtarışı üzərində işləyir”, - deyə XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Misir Qara dənizdə gəmiçiliyin və taxıl ixracının qismən bərpasına imkan verəcək formulun axtarışına diqqət ayırıb. Hər iki ölkə iqtisadi və ərzaq məsələlərini nəzərə alaraq bu məsələnin həllində maraqlıdır. Xüsusilə də Misirin öz tələbatını təmin etmək üçün ehtiyac duyduğu taxılın təxminən üçdəbiri Ukraynadan gətirilir.
Sibiqa qeyd edib ki, Ukrayna “ədalətli həll yollarına” hazırdır və ölkənin mövqeyi, eləcə də müvafiq razılaşmaların mümkün şərtləri artıq Türkiyə və Misirlə ətraflı müzakirə olunub.
“Hazırda bu planların həyata keçirilməsi yalnız Rusiyanın hazır olmasında asılıdır. Misir və Türkiyə tərəflərinin Rusiya ilə təmasları davam edir”, – deyə XİN başçısı bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, Hindistan ərzaq təhlükəsizliyi, Qara dənizdə dəniz yolları və potensial enerji atəşkəsi də daxil olmaqla daha geniş məsələlər üzərində işləyir.
“Ukrayna digər potensial atəşkəs istiqamətləri ilə yanaşı, belə bir kombinasiyada da maraqlıdır”, - deyə Sibiqa qeyd edib.
Nazir vurğulayıb ki, hazırda vəziyyət gərginliyin artması ilə xarakterizə olunur, lakin məhz bu mərhələdə diplomatiya ön plana çıxır. Onun sözlərinə görə, qarşıdakı həftələr və aylarda əsas rolu diplomatiya oynayacaq. Ukraynanın vəzifəsi isə tərəfdaşlarla birlikdə mümkün həll yollarını axtarmaq və bundan sonrakı addımlarla bağlı Prezident üçün təkliflər hazırlamaqdır.
