Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır

A- A A+

Münaqişələr region ölkələrinin təhlükəsizliyinə, sabitliyinə və iqtisadi rifahına birbaşa təsir göstərir. Mövcud vəziyyətdə dünya ictimaiyyəti diplomatiyanın imkanlarını genişləndirmək üçün səylərini birləşdirməlidir. Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib.

O, ölkəsinin Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmasına yönəlmiş səylərinə diqqət çəkib.

Onun sözlərinə görə, Ankara münaqişə zonasının genişlənməsinə imkan verməməyi qarşısına məqsəd qoyub. “Biz dialoqa üstünlük veririk, diplomatik kanalların açıq qalmasına və tərəflərin danışıqlar masasına qayıtmasına çalışırıq”, – deyə dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin, o cümlədən Yaxın Şərqdəki ziddiyyətlər kontekstində bütün münaqişə tərəfləri ilə dialoq aparmaq üçün bütün imkanları var: “Biz sülh proseslərində təşəbbüsü üzərimizə götürməyə hazırıq”.

Türkiyə Prezidenti deyib ki, müasir mərhələdə getdikcə daha çox ölkə dünya münasibətləri sisteminə yenidən baxılmasını tələb edir: “BMT bu proseslərdən geri qalmamalıdır. BMT Təhlükəsizlik Şurasının effektivliyi artırılmalı, Baş Assambleyanın iradəsi isə qəbul edilən qərarlarda indiki ilə müqayisədə daha çox əksini tapmalıdır. Beynəlxalq münasibətlərdə islahatlar ədalət prinsipini əks etdirməlidir”.

İran ətrafındakı gərginliyə toxunan Türkiyə lideri bu məsələni ABŞ Prezidenti Donald Trampla görüşü zamanı da qaldırdığını qeyd edib. “ABŞ NATO üzrə müttəfiqimiz, İran isə qonşumuzdur. Trampla son görüşümüz zamanı mən açıq şəkildə bildirdim ki, tərəflər diplomatiyanın imkanlarından maksimum dərəcədə istifadə etməlidirlər”, – deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: