Yunanıstan yarım əsrdən sonra ilk kəşfiyyat qazmasına hazırlaşır

A- A A+

Yunanıstanda təxminən yarım əsrdən sonra ilk kəşfiyyat qazma əməliyyatının 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır. Layihədə dünyanın ən böyük enerji şirkətlərindən biri olan “ExxonMobil” iştirak edir.

NUHÇIXAN xəbər verir ki, “Kathimerini” nəşrinin məlumatına görə, Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru “ExxonMobil”in qlobal kəşfiyyat üzrə rəhbəri Con Ardill ilə görüşdən sonra qazma işlərinin 2027-ci ilin ilk aylarında başlanması hədəfinin qüvvədə qaldığını bildirib.

Söhbət İon dənizində yerləşən “Block 2” sahəsində aparılacaq kəşfiyyat işlərindən gedir. Layihədə “ExxonMobil” 60 faiz, “Energean” 30 faiz, “Helleniq Energy” isə 10 faiz iştirak payına malikdir.

Kəşfiyyat qazması Yunanıstanın yerli karbohidrogen ehtiyatlarının potensialını müəyyənləşdirmək baxımından mühüm mərhələ hesab olunur. Kommersiya baxımından əhəmiyyətli ehtiyatların aşkarlanacağı təqdirdə layihə ölkənin enerji balansına və Cənub-Şərqi Avropanın qaz bazarına təsir göstərə bilər.

Yunanıstan son illərdə enerji tranziti və təchizatının şaxələndirilməsi istiqamətində infrastrukturunu genişləndirir. Ölkə həm LNG terminalları və regional qaz interkonnektorları, həm də TAP vasitəsilə Cənub Qaz Dəhlizinin Avropa hissəsində mühüm mövqeyə malikdir.

Bu baxımdan yeni kəşfiyyat proqramı Yunanıstanın yalnız tranzit ölkə deyil, potensial yerli qaz hasilatçısı kimi də mövqeyini araşdırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: