ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri Cared İsaakman bildirib ki, “Boeing Starliner” kosmik gəmisinin 2024-cü ildən bəri ilk pilotlu uçuşu 2028-ci ilə planlaşdırılır.
NUHÇIXAN NASA-nın məlumatına istinadla xəbər verir ki, buraxılışdan əvvəl agentlik 2027-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ekipajsız, ardınca isə pilotlu uçuş həyata keçirməyi planlaşdırır. “Hazırkı planımız astronavtları 2028-ci ilə qədər “Starliner-2”yə qaytarmaqdır”, -deyə İsaakman Floridada keçirilən mətbuat konfransında bildirib.
Astronavtlar Barri Yucin Uilmor və Sunita Uilyams 2024-cü il iyunun 4-də kosmosa buraxılan “Starliner” gəmisində BKS-ə gəliblər. Bu, “Boeing” gəmisinin kosmik stansiyaya ilk ekipajlı buraxılışı idi. Uilmor və Uilyamsın əvvəlcə iyunun 18-nə qədər orbitdə qalması planlaşdırılırdı. Daha sonra BKS ilə birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar kosmik gəminin nasazlığı səbəbindən geri dönüş tarixi əvvəlcə iyunun 26-sına, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınıb.
“Starliner” gəmisi 2024-cü il sentyabrın 7-də göyərtəsində heyət olmadan Beynəlxalq Kosmik Stansiyadan ayrılıb və altı saat sonra Nyu-Meksikodakı “Uayt Sands” sınaq sahəsinə enib. Astronavtlar isə 2025-ci il martın 19-da “SpaceX” şirkətinin “Crew Dragon” gəmisi heyətinin bir hissəsi olaraq Yerə qayıdıblar.
