Dubayda ilk dəmir yolu stansiyası açılıb - FOTOLAR
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Rail” milli dəmir yolu şəbəkəsinin Dubay şəhərində stansiyası açılıb. Bu hadisə Əbu-Dabi, Dubay və Fuceyra arasında sentyabrın 30-na planlaşdırılan sərnişin dəmir yolu əlaqəsinin istifadəyə verilməsindən bir gün əvvəl baş verib.
NUHÇIXAN “Arabian Business” nəşrinə istinadla xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Etihad Rail” qatarı ilə Əbu-Dabidən Dubaya gəlib. Stansiyanın açılış mərasimində Dubayın vəliəhdi, BƏƏ Baş nazirinin müavini və müdafiə naziri Şeyx Həmdan bin Məhəmməd Al Məktum, həmçinin “Etihad Rail” şirkətinin sədri Şeyx Teyab bin Məhəmməd Al Nəhyan iştirak ediblər.
“Comfort” sinifli vaqonlara biletlərin qiyməti 39 dirhəmdən (təxminən 11 ABŞ dolları), “Premium” sinifli vaqonlara isə 109 dirhəmdən (təxminən 30 ABŞ dolları) başlayır. Biletləri “Etihad Rail”in rəsmi internet saytı və mobil tətbiqi, eləcə də stansiyalardakı terminallar vasitəsilə əldə etmək mümkündür.
Dubaydakı “Etihad Rail” stansiyası piyada körpüsü vasitəsilə “Jumeirah Golf Estates” metro stansiyası ilə birləşdirilib. Bu, milli dəmir yolu şəbəkəsi ilə metro arasında birbaşa keçidi təmin edir.
“Nol” nəqliyyat sistemi ilə inteqrasiyası çərçivəsində sərnişinlər “Etihad Rail” qatarlarında, metroda, tramvaylarda və avtobuslarda səfər etmək üçün vahid QR-koddan istifadə edə biləcəklər.
Səfər zamanı BƏƏ Prezidenti dəmir yolu sisteminin fəaliyyəti və sərnişinlərə göstərilən xidmətlərlə tanış olub. Dubaydakı stansiyada isə layihənin həyata keçirilməsində iştirak edən Əmirliyin mütəxəssisləri ilə görüşüb.