İspaniya hökuməti ölkədəki mənzil böhranının aradan qaldırılmasına yönəlmiş iki yeni fərman təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Tədbirlər çərçivəsində, evdən çıxarılmaya qarşı müdafiənin 2030-cu ilədək uzadılması, mövsümi və otaq kirayəsinin tənzimlənməsi, fondların 2028-ci ilədək mənzil almasına qadağa qoyulması, həmçinin müddəti 2028-ci il dekabrın 31-dək başa çatan mövcud kirayə müqavilələrinin daha iki il uzadılması nəzərdə tutulur.
Bu addım mənzil qiymətlərinin sürətlə artması və həm mənzil kirayə götürmək, həm də almaq istəyən insanlar üçün çətinliklərin dərinləşməsi səbəbindən artan ictimai təzyiq fonunda atılıb.
İspaniyanın mənzil və şəhərsalma naziri İzabel Rodriqes mənzil məsələsini "ispaniyalıların üzləşdiyi əsas problem" adlandırıb və bu tədbirləri xüsusilə "mürəkkəb" hesab etdiyi böhrana kompleks cavab kimi təqdim edib.
Razılaşma iki ayrı fərmana bölünüb - birincisi tədbirlərin əksəriyyətini özündə cəmləşdirir və dörd əsas istiqamətə yönəlib: kirayəçilərin evdən çıxarılmaqdan qorunması, spekulyasiyaya qarşı mübarizə, icarə bazarında sui-istifadə hallarına qarşı mübarizə və mənzilin əlçatanlığının təmin edilməsi.
İkincisi isə kirayəçilərin icarə müqavilələrində daha çox sabitlik və təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
İlk dəfə mənzil alanlara verilən kreditlərə gəlincə sığorta təminatı əmlakın dəyərinin 20 %-dək hissəsini əhatə edəcək. Bu, standart ipoteka kreditləri zamanı bankların qarşılamadığı 20 %-lik hissədir. Maksimal məbləğ isə 50 min avro təşkil edəcək.
