ABŞ İraq Hava Yollarına xüsusi istisna halı kimi İrana uçuşlar həyata keçirməsinə icazə verib.
NUHÇIXAN İraq Nəqliyyat Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, İraq Hava Yollarının İrana və İrandan uçuşlarının oktyabr ayında bərpa olunması gözlənilir. Uçuşların Nəcəf Beynəlxalq Hava Limanından həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, ABŞ İraq Hava Yollarını İrana qarşı tətbiq olunan sanksiyalardan istisna edib. Bu qərarın İranlı zəvvarların Nəcəf şəhərinə gediş-gəlişinin təmin edilməsinə imkan verəcəyi qeyd olunub.
Məlumata görə, Nəcəf Beynəlxalq Hava Limanı ötən həftənin sonunda İran aviaşirkətlərinin uçuşlarını dayandırıb. Qərar ABŞ tərəfindən İranın hava nəqliyyatı sektoruna tətbiq edilən sanksiyalarla əlaqədar qəbul edilib.
İraq Nəqliyyat Nazirliyinin açıqlamasında qeyd olunub ki, hökumətin səyləri nəticəsində əldə edilən istisnaya əsasən, İraq Hava Yollarına iranlı zəvvarların İraq və İran arasında daşınması üçün uçuşlar həyata keçirməyə icazə verilir. Bununla belə, uçuşlar ciddi şərt və məhdudiyyətlər çərçivəsində yalnız Nəcəf Beynəlxalq Hava Limanından və həmin hava limanına həyata keçirilə bilər. Hazırda uçuş cədvəlləri müəyyənləşdirilməyib. Nazirlik uçuşların bərpasının dəqiq tarixini açıqlamayıb.
