Almaniyada inflyasiya sentyabrda 3,3 faiz təşkil edib. Bununla da ölkədə istehlak qiymətləri 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında bildirilib.
Məlumata görə, istehlak qiymətləri sentyabrda avqustla müqayisədə 0,6 faiz artıb. Avqustda inflyasiya 2,9 faiz təşkil edib.
İnflyasiyanın artımında əsas amillərdən biri enerji qiymətlərinin yüksəlməsi olub. Enerji məhsullarının qiymətləri sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 14,9 faiz artıb. Beləliklə, enerji qiymətlərində bahalaşma avqustda qeydə alınan 10,5 faizlik illik artımla müqayisədə daha da sürətlənib.
Ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası isə sentyabrda 2,4 faiz təşkil edib. Ərzaq məhsullarının qiymətləri 0,4 faiz artıb. Xidmət sektorunda, o cümlədən turizm və restoran xidmətlərinin qiymətlərində də artım qeydə alınıb.
Almaniyada inflyasiyanın yüksəlməsində enerji daşıyıcılarının bahalaşmasının mühüm rol oynadığı bildirilir.
