Fransanın Beziers şəhərinin meri Rober Menar 2023-cü ildə deportasiya qərarı olan Əlcəzair vətəndaşını şəhər sakini fransız qadınla evləndirməkdən imtina etdiyi üçün məhkəmədə onun barəsində 7500 avro cərimə tələb olunub.
NUHÇIXAN xəbər verir ki, Montpellier Prokurorluğu sentyabrın 30-da keçirilən məhkəmə iclasında bu tələbi irəli sürüb. Prokuror Tyeri Lekuark bildirib ki, mer qanun və qaydaların icrasına cavabdehdir və buna görə də nikahı qeydiyyata almaqdan imtina edə bilməz.
Tələb olunan cərimə qanunda nəzərdə tutulan maksimal cəzadan xeyli aşağıdır. Belə pozuntuya görə 5 ilədək həbs, 75 min avro cərimə və seçkili vəzifə tutmaq hüququndan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhkəmədə çıxış edən Rober Menar isə qərarını müdafiə edib. O bildirib ki, belə hal yenidən baş versəydi, eyni addımı atardı.
Merin sözlərinə görə, məsələ şəxsin milliyyəti deyil, prinsip məsələsidir və o, Fransada qalması tələb olunan şəxslə nikah bağlamağa məcbur edilməməlidir.
Məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.
