BMT-nin yüksək vəzifəli rəsmisi cümə axşamı xəbərdarlıq edib ki, Hörmüz boğazı vasitəsilə gübrə daşınmasında yaranan fasilələr ərzaq təhlükəsizliyi üçün ciddi fəsadlara səbəb ola bilər. O, tərəfləri məhdud tranzitin həyata keçirilməsi üçün zəruri siyasi iradə nümayiş etdirməyə çağırıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, BMT Baş katibinin müavini və təşkilatın Hörmüz boğazı üzrə işçi qrupunun rəhbəri Xorxe Moreyra da Silva Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edərkən bildirib ki, bu strateji su yolu vasitəsilə gəmiçilikdə yaranan maneələr artıq qlobal enerji və ərzaq təhlükəsizliyinə təsir göstərir.
O vurğulayıb: “Hərəkətsizliyin nəticələrinə diqqət yetirməyimiz vacibdir. Bu vəziyyət inkişaf etməkdə olan ölkələr üçün faciə deməkdir”. O qeyd edib ki, Körfəzdən gələn gübrə təchizatından ən çox asılı olan ölkələr sırasına dünyanın yoxsul dövlətləri daxildir.
BMT rəsmisi buna nümunə olaraq Sudan, Somali, Mozambik və Tanzaniyanı göstərərək bildirib ki, bu ölkələrin Körfəzdən gələn gübrələrdən asılılıq səviyyəsi 50-60 faiz arasındadır.
Moreyra da Silvanın sözlərinə görə, böhran artıq gübrə qiymətlərinin kəskin artmasına və onun istifadəsinin azalmasına səbəb olub; bu hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı sala və nəticə etibarilə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər. Onun sözlərinə görə, BMT naviqasiya azadlığı ilə bağlı genişmiqyaslı danışıqlar davam edərkən gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb.
O vurğulayıb ki, bu təklif naviqasiya azadlığını əvəz etmək və ya hərtərəfli siyasi həll yoluna alternativ olmaq məqsədi daşımır. Əksinə, bu, humanitar böhranın qarşısını almaq üçün müvəqqəti və müstəsna tədbir rolunu oynayacaq.
Moreyra da Silva bildirib ki, təklif BMT-yə üzv dövlətlər arasında geniş dəstək qazanıb, lakin təşkilat hələ də münaqişə tərəflərindən lazımi mandat almayıb. O qeyd edib ki, razılığın əldə edilməsi məqsədilə İran, ABŞ və Körfəz ölkələri ilə həftəlik təmasları davam etdirir. “Müşahidəçiləri əraziyə yerləşdirmək və gübrələrin daşınmasını təmin etmək üçün bizə yeddi gün lazımdır. Biz hazırıq, lakin hələ də tərəflərin siyasi iradəsindən asılıyıq”, - deyə o bildirib.
