Almaniya Ukraynaya ümumi məbləği 1,3 milyard avro olan yeni hərtərəfli dəstək paketi ayırıb.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya Kansleri Fridrix Merts ilə jurnalistlərlə birgə görüşündə açıqlayıb.
"Ukrayna üçün 1,3 milyard avrodan çox yeni hərtərəfli dəstək paketi var. Buraya indi kömək edəcək silahlar, enerji sektorumuza dəstək və qışdan əvvəl çox vacib bir enerji paketi daxildir", - deyə Zelenski bildirib.
Zelenski qeyd edib ki, paketə "Şahed" reaktiv dronlarına qarşı yeni tutucu qurğuların istehsalı üçün vəsait də daxildir.
Prezident vurğulayıb ki, bugünə qədər Ukrayna və Almaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 15 saziş və sənəd imzalanıb. Xüsusilə bu sazişlər istehsal, əlaqəli tədarük, Almaniya sənayesi üçün Ukrayna sifarişləri və Ukraynadakı birgə layihələri əhatə edir. Zelenskinin sözlərinə görə, bu sazişlərin ümumi dəyəri 8,5 milyard avrodan çoxdur.
Dövlət başçısı, həmçinin xatırladıb ki, bu il Almaniya hökuməti Ukraynaya dəstək üçün 11,5 milyard avro ayırıb.
Prezident, eyni zamanda, Fridrix Mertsə Rusiyanın hücumlarının şiddətləndiyi bir dövrdə bu ölkəyə səfərinə görə təşəkkür edib.
“Rusiya son zamanlar açıq şəkildə Avropa, Amerika və digər tərəfdaşlarımızı birbaşa təhdidlər, daimi həyəcan siqnalları və atəşlə qorxutmağa çalışır ki, onlar burada, paytaxtda və Ukraynada olmasınlar. Amma bir daha çox minnətdaram ki, səfər baş tutur, Almaniya səfirliyi Ukraynada işini davam etdirir və Almaniya ilə əməkdaşlığımızın bütün spektri, strateji tərəfdaşlığımız qorunub saxlanılır”, - deyə Zelenski qeyd edib.
