Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən ordusuna husilərə qarşı mübarizədə əməliyyat dəstəyini davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə koalisiyanın rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib. Onun sözlərinə görə, məqsəd Yəmənin qanuni hökumətinin ölkə üzərində nəzarəti bərpa etməsinə və dövlət təsisatlarının fəaliyyətinin təmin olunmasına dəstək verməkdir.
Əl-Maliki, həmçinin husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Qeyd edək ki, Yəməndə husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Oktyabrın 4-də Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətində olan ərazilərin azad edilməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib.
