Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir
İraqdan Türkiyəyə enerjidaşıyıcılarının tədarükü marşrutu Qətərin Avropaya qaz ixracı üçün də alternativ ola bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir İraqın cənubundan Türkiyə sərhədinə qədər uzanan “İnkişaf yolu” layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Əgər İraq vasitəsilə Türkiyəyə neft tədarükünü gündə 2,5 milyon barelə qədər artıra bilsək, dəyər baxımından ildə 65-70 milyard dollar ixrac həcminə çatacağıq. Məqsəd İraq və Küveytdə istehsal olunan neftin 40-50 faizini yönləndirməkdir”, - deyə Bayraktar izah edib. O qeyd edib ki, hazırda İraq gündə 4 milyon barel, Küveyt isə 2 milyon barel xam neft istehsal edir.
Nazir əlavə edib ki, bu marşrutdan Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qaz tədarükünə alternativə ehtiyacı olan Qətər də istifadə edə bilər.
“Biz “İnkişaf yolu” marşrutunu “Enerji yolu”na çevirməyə hazırlaşmaq barədə danışırıq. Yəni, əgər Qətər ixracatda Küveyt və İraqa qoşularsa, ildə 80 milyard dollardan söhbət gedəcək”, - deyən Türkiyənin enerji naziri Kərkük-Ceyhan boru kəmərinin İraqın cənubundakı Bəsrə limanına qədər uzadılmasının vacibliyini vurğulayıb.
