Fransada lisey şagirdlərinin etirazları fonunda baş verən iğtişaşlarla bağlı 5060 nəfər polis nəzarətinə götürülüb. Ədliyyə Nazirliyinin bazar ertəsi açıqladığı ilk məhkəmə statistikasına görə, saxlanılanların böyük əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.
NUHÇIXAN xəbər verir ki, məlumata əsasən, saxlanılanların 87 faizi azyaşlıdır.
Hazırda 1802 nəfər barəsində hüquqi təqib həyata keçirilir. Bundan başqa, 10 yetkin və 4 azyaşlı olmaqla, ümumilikdə 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Ədliyyə Nazirliyi, həmçinin 1376 alternativ tədbirin tətbiq edildiyini bildirib. Bunlara xəbərdarlıqlar, cinayət nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər, müəyyən ərazilərə giriş qadağaları və ödənişsiz ictimai işlər daxildir. Daha 790 iş üzrə icraata xitam verilib.
Ədliyyə naziri Jeral Darmanən prokurorlardan məhkəmə proseslərinə “sürətli və qətiyyətli” reaksiya vermələrini tələb edib. Yerli medianın məlumatına görə, nazir çərşənbə axşamı prokurorlarla yenidən görüşərək, hadisələrlə bağlı hüquqi tədbirləri müzakirə edəcək.
Baş nazir Sebastyən Lökornü bazar ertəsi axşam daxili işlər naziri Loran Nunez, milli təhsil naziri Eduar Jefrey və ali təhsil naziri Filip Batist ilə görüş keçirib.
Görüş liseylərdəki vəziyyətin müzakirəsi və növbəti gün planlaşdırılan ümummilli səfərbərliyə hazırlıq məqsədi daşıyır.
Sentyabrın 17-də başlayan lisey şagirdlərinin hərəkatı bazar ertəsi günü də davam edib. Milli Təhsil Nazirliyinin məlumatına görə, 413 təhsil müəssisəsində etirazlar və fəaliyyət pozuntuları qeydə alınıb.
Liseylərdə başlayan hərəkat ölkədə həm təhlükəsizlik, həm də hüquqi və siyasi müstəvidə gərginliyin artmasına səbəb olub.
