Fransada şagirdlərin etirazları genişlənir: hakimiyyət yeni insidentlərdən ehtiyatlanır - FOTOLAR
Fransada lisey şagirdlərinin etirazlarının “III mərhələsi” çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət nümayişlər zamanı mümkün insidentlərin qarşısını almaq üçün ölkə üzrə polis qüvvələri səfərbər edib.
NUHÇIXAN xəbər verir ki, bu gün ilk dəfə olaraq, nümayişlərə həmkarlar ittifaqları və təhsil sahəsində fəaliyyət göstərən təşkilatlar da qoşulur. Hakimiyyət hesab edir ki, aksiyaların təşkilatlanmış şəkildə keçirilməsi gərginliyin və mümkün qarşıdurmaların qarşısını almağa kömək edə bilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 28-dən etibarən 6059 nəfər saxlanılıb, 5 mindən çox şəxs (əsasən yetkinlik yaşına çatmayanlar) polis nəzarətinə götürülüb. Həmçinin Polis Milli Təhlükəsizlik Baş Müfəttişliyi etirazlar çərçivəsində araşdırmalara başlayıb. Məlumata əsasən, aksiyalar zamanı 215 yeniyetmə və 700-dən çox hüquq-mühafizə əməkdaşı xəsarət alıb.
Parisdə 20-40 min nəfərin iştirakı gözlənilən yürüşün təhlükəsizliyini təmin etmək üçün 2 min polis və jandarm səfərbər edilib. Hakimiyyət xüsusilə “black bloc” qruplarının yürüşlərə müdaxiləsi, eləcə də mağazaların talan edilməsi ehtimalından narahatdır. Daxili İşlər Nazirliyində etirazların gələcək inkişafı ilə bağlı iki ssenari nəzərdən keçirilir: həmkarlar ittifaqlarının iştirakı ilə gərginliyin azalması və ya hərəkatın daha geniş miqyas alması.