Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun demilitarizasiya zonasında baş verən son mina partlayışlarına cavab olaraq müxtəlif diplomatik tədbirləri nəzərdən keçirdiyini, eyni zamanda, vəziyyətin lazımsız yerə gərginləşməsinin qarşısını almağa çalışdığını bildirib
NUHÇIXAN xəbər verir ki, Ço Hyun bunu Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair parlamentdəki dinləmələrdə deyib.
"Biz bu məsələyə çox ciddi yanaşırıq. İstintaqın yekun nəticələrinə əsasən, nazirlik mümkün addımları nəzərdən keçirir və hökumətin cavab tədbirlərini müəyyənləşdirmək üçün Milli Təhlükəsizlik Şurası ilə əməkdaşlıq edəcək", - deyə nazir Ço Hyun bildirib.
Nazir qeyd edib ki, nəzərdən keçirilən tədbirlərə BMT-nin iştirakı ilə əvvəllər görülmüş cavab tədbirləri də daxildir. "Məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarsaq, şura sədrinin bəyanatı və ya daha sərt bir qətnamə qəbul edilə bilər", - deyən o bildirib.
Ço Hyun hökumətin Şimali Koreyanı təhrik etməkdən narahat olaraq hadisəyə cavabını təxirə saldığı iddiasını rədd edib.
Qeyd edək ki, sentyabrın 21-də Cənubi Koreya və Şimali Koreya arasındakı demilitarizasiya zonasında demarkasiya xəttinin cənubunda mina partlayışı baş verib və nəticədə Cənubi Koreyanın 3 hərbçisi yaralanıb. Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahı minanın Şimali Koreya tərəfindən basdırıldığını iddia edir. Şimali Koreya son partlayışlara görə məsuliyyəti rədd edib və Cənubi Koreya müvafiq tədbir görərsə, qisas alacağı ilə bağlı xəbərdarlıq edib.
Şahin Cəfərov
