Cənubi Koreyanın milli istehsalı olan “Nuri” kosmik raketinin 5-ci buraxılışı uğurlu olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Ölkənin cənubundakı Naro məntəqəsindən yerli vaxtla 12:25-də buraxılan raket 15 peyki orbitə qaldırıb.
Koreya Aerokosmik Administrasiyasının (KASA) məlumatına görə, 200 tonluq raketin uçuş missiyası 20 dəqiqə ərzində baş çatıb. Raketin faydalı yükü 5 ədəd "NEONSAT" (milli təhlükəsizlik üçün yeni kosmos yer müşahidə peyk qruplaşması) mikropeyki və 10 ədəd "CubeSat" peykindən ibarət olub. "Nuri" təxminən 575 kilometr hündürlükdə peykləri orbitə yerləşdirib. Hər birinin çəkisi 100 kiloqramdan az olan "NEONSAT" peykləri 35-40 saniyəlik intervallarla raketdən ayrılıb. Ardınca "CubeSat" peykləri hər 10 saniyədən bir cüt şəkildə orbitə yerləşdirilib.
“NEONSAT” peykləri ağ-qara təsvirlərdə bir metr, rəngli təsvirlərdə isə 4 metr ölçüsündəki obyektləri ayırd edə bilən elektro-optik kamera ilə təchiz olunub. Peyklər milli təhlükəsizlik və fəlakətlərə qarşı tədbirlər çərçivəsində Koreya yarımadasını və ətraf əraziləri müşahidə edəcək. “NEONSAT” qruplaşması yekunda 10 peykdən ibarət olacaq.
Qruplaşmanı tamamlamaq məqsədilə daha 5 peyk 2027-ci il həyata keçirilməsi planlaşdırılan "Nuri" raketinin altıncı uçuşu zamanı orbitə çıxarılacaq. Tam istismara verildikdən sonra bu peyk qruplaşması Koreya yarımadasının təsvirlərini gündə 3 dəfədən çox əldə etmək və eyni əraziyə 24 saat ərzində yenidən nəzər salmaq imkanına malik olacaq.
Qeyd edək ki, Cənubi Koreya “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” 2021-ci ildə ilk cəhddə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi. 2022-ci ildə “Nuri” raketi sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb. Cənubi Koreya bu uğurla keçmiş SSRİ, ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə çıxaran raket istehsal edə bilən yeddinci ölkə adını qazanıb.
