BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

A- A A+

BMT-nin Baş katibi Pakistana rəsmi səfəri zamanı ABŞ ilə İran arasındakı müharibəyə və onun qlobal ticarətə vurduğu zərbəyə son qoyulması çağırışı edib.

NUHÇIXAN BMT-nin məlumatına istinadla xəbər verir ki, Antonio Quterreş paytaxt İslamabadda jurnalistlərə bildirib: “İslamabaddan bütün tərəflərə aydın və qəti bir mesaj çatdırmaq istəyirəm. Münaqişəyə son qoyun. Diplomatiyaya qayıdın. Beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik hüquq və azadlıqlarını tam bərpa edin”.

Baş katib ABŞ ilə İran arasında dialoq üçün şəraitin yaradılmasında göstərdiyi liderliyə görə Pakistan hökumətinə təşəkkür edib: “Sizin səyləriniz 17 iyun tarixli İslamabad Anlaşma Memorandumunun, ardınca əldə edilən atəşkəsin və gələcək danışıqlar üçün çərçivənin formalaşdırılmasına töhfə verdi. Hər bir pakistanlı bu həlledici rola görə fəxr etməlidir”.

Daha geniş məsələlərə toxunan A. Quterreş bildirib: “Pakistan uzun müddətdir müdafiə etdiyi kimi, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ tam təmin olunmayana qədər regionda heç vaxt sülh bərqərar olmayacaq". O, dialoq və əməkdaşlığa əsaslanan regional sülh və rifaha dair ümidlərini ifadə edib.

Baş katib Pakistanı “həmrəylik və həll yolları mənbəyi” olduğuna görə təqdir edib. Bu ölkə onilliklər ərzində münaqişə və qeyri-sabitlikdən qaçan milyonlarla əfqana sığınacaq verib. A. Quterreş qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün BMT-nin Pakistanla əməkdaşlıq öhdəliyini vurğulayıb. O, həmçinin Pakistanın son iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdiyini xatırladıb. “Dünyada parçalanma və etimadsızlığın artdığı bir dövrdə Pakistan çoxtərəflilik, dialoq, vasitəçilik və diplomatiyanın dəyərini önə çıxardı”, - deyə o bildirib.

A. Quterreş əlavə edib ki, Pakistan, həmçinin BMT-nin sülhməramlı fəaliyyətinə ən uzunmüddətli və böyük töhfə verən ölkələr sırasındadır. O, sülh naminə xidmətdə həyatını itirmiş 180-dən çox pakistanlı sülhməramlının xatirəsini ehtiramla yad edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: