Fransada məktəblilərin etiraz aksiyaları zamanı saxlanılan yeniyetmələrin vəkilləri polis bölmələrində uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, təhqir və alçaldıcı davranış hallarının baş verdiyini bildirirlər.
NUHÇIXAN xəbər verir ki, Fransa Ədliyyə Nazirliyinin son məlumatına görə, etirazlar çərçivəsində polis nəzarətinə götürülən 7 minə yaxın aksiyaçının 86 faizini yetkinlik yaşına çatmayanlar təşkil edir.
Paris Vəkillər Kollegiyasının nüfuzlu “Conférence du stage” qurumundan olan bir sıra vəkillər oktyabrın 9-da yeniyetmələrin hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını bir daha ifadə ediblər. Onların sözlərinə görə, bəzi polis əməkdaşları saxlanılan şəxslərin yaşını nəzərə almır, fiziki zorakılığa və təhqirlərə yol verirlər.
Fransa Vəkillər Həmkarlar İttifaqının (SAF) sədri Məhəmməd Jait isə yeniyetmələrin bir çoxunun xəsarət aldığını və ləyaqəti alçaldan rəftara məruz qaldığını bildirib.
Bundan əlavə, 52 vəkil oktyabrın 4-də dərc etdikləri birgə bəyanatda məktəblərin girişlərini bağlayan etirazçılara qarşı qeyri-mütənasib və zorakı repressiyanı pisləyiblər.
