Futbol üzrə Türkiyə millisinin sabiq baş məşqçisi Vinçentso Montella vəzifəsindən ayrıldıqdan sonra vida müraciəti yayıb.
NUHÇIXAN xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Türkiyə yığmasında çalışmaqdan qürur duyduğunu bildirib. İtaliyalı mütəxəssis futbolçulara, məşqçilər heyətinə, Türkiyə Futbol Federasiyasının rəhbərliyinə və azarkeşlərə təşəkkür edib.
“Hər gözəl hekayə bir gün sona çatır. Lakin bəzi səyahətlər futboldan daha dərin iz buraxır. Bu gözəl ölkənin milli komandasına rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Birlikdə unudulmaz anlar yaşadıq, tarixi nəticələr qazandıq və çətinliklərin öhdəsindən gəldik. Bu xatirələri və Türkiyə xalqının mənə göstərdiyi sevgini həmişə qoruyacağam. Ümid edirəm ki, futbolçular və məşqçilər heyəti ilə birlikdə yaşatdığımız hisslər sayəsində Türkiyə xalqı məni sevgi və hörmətlə xatırlayacaq. Təşəkkürlər, Türkiyə! Sən həmişə qəlbimdə qalacaqsan”, – deyə o yazıb.
Montellanın oktyabrın 9-da vəzifəsindən ayrıldığı açıqlanıb. Buna yığmanın dünya çempionatındakı uğursuz çıxışı və UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyət səbəb olub. Türkiyə millisi onun rəhbərliyi altında keçirdiyi 40 matçda 21 qələbə, 5 heç-heçə və 14 məğlubiyyətlə yadda qalıb.
