Fransa Daxili İşlər Nazirliyi esseist Alen Soralın təsis etdiyi ifrat sağçı “Bərabərlik və Barışıq” (Égalité et Réconciliation) assosiasiyasının buraxılması proseduruna başlayıb.
NUHÇIXAN xəbər verir ki, Nazirliyin məlumatına görə, hazırda təşkilatla qarşılıqlı müzakirə prosesi davam edir və prosedurun sonunda onun buraxılması barədə qərar verilə bilər. Assosiasiyaya irəli sürülən ittihamlara cavab vermək üçün 10 gün vaxt ayrılıb.
“Franceinfo”nun oktyabrın 11-də nazirliyə istinadən yaydığı məlumata görə, təşkilat antisemit ideologiyanı yaymaqda, yəhudilərə qarşı ayrı-seçkiliyə, nifrətə və zorakılığa təhrik etməkdə, habelə nasizmi təbliğ etməkdə ittiham olunur. Nazirlik məktubunda təşkilatın əcnəbilərə, immiqrant mənşəli şəxslərə və qadınlara qarşı nifrət və zorakılığa təhrik etdiyini də bildirib.
Alen Soral nifrətə təhrik və insanlıq əleyhinə cinayətlərin inkarı da daxil olmaqla, müxtəlif ittihamlarla 20 dəfədən çox məhkum edilib.
Soral yayımladığı bəyanatda buraxılma prosedurunu “ədalətsiz” adlandıraraq, bunu nifrətə təhrik ittihamı ilə əlaqələndirib. “Mediapart” nəşrinin məlumatına görə, o, Fransa və İsveçrədəki hüquqi təqiblərdən yayınmaq üçün hazırda Rusiyada yaşayır.
