Astronomlar Ceyms Uebb Kosmik Teleskopunun köməyi ilə Yerdən təxminən 7,5 işıq ili uzaqlıqda yerləşən WISE 0855 qəhvəyi cırtdanının atmosferində su buludlarının dəyişməsini və kimyəvi prosesləri real vaxt rejimində müşahidə ediblər.
NUHÇIXAN xəbər verir ki, Arizona Universitetinin Stüard Rəsədxanasının astronomu Britani Maylzın rəhbərlik etdiyi tədqiqat qrupu göy cismini 11 saat ərzində izləyib, hər 15 dəqiqədən bir onun işıq spektrini qeydə alıb.
“The Astrophysical Journal”da dərc olunan tədqiqatın nəticələrinə görə, WISE 0855-in atmosferində su buludları qalınlaşıb- nazilir, karbonmonoksid və fosfin kimi qazlar isə dərin qatlarda baş verən konvektiv hərəkətlər nəticəsində yuxarıya doğru daşınır.
Təxminən 265 Kelvin temperaturuna malik WISE 0855 məlum olan ən soyuq qəhvəyi cırtdanlardan biridir. Alimlər bildirirlər ki, bu göy cismində müşahidə edilən atmosfer prosesləri Yupiterin və qaz nəhəngi ekzoplanetlərin atmosfer quruluşunu daha yaxşı anlamağa kömək edə bilər.
Tədqiqatçılar gələcək müşahidələrlə cismin fırlanmasını və atmosferində baş verən prosesləri daha ətraflı öyrənməyi planlaşdırırlar.
