Estoniyada doğum səviyyəsinin aşağı düşməsi səbəbindən 2035-ci ilədək müddətli hərbi xidmət keçən qadınların sayının dörd dəfə artırılması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bunu Estoniyanın Müdafiə Resursları Departamentinin baş direktoru Ana Rannaveski deyib.
Onun sözlərinə görə, demoqrafik vəziyyət zəruri sayda çağırışçının yalnız kişilər hesabına təmin edilməsini çətinləşdirəcək.
“Hərbi rəhbərlik hər il müddətli hərbi xidmətə 4100 nəfərədək vətəndaşın çağırılmasını tövsiyə edir. Hazırda ildə cəmi 4-5 min oğlan uşağı doğulursa, onların arasından 4100 nəfəri hərbi xidmətə cəlb etmək çox çətin olacaq”, – deyə Estoniyanın İctimai Televiziya və Radio Yayımı Korporasiyasının (ERR) portalı Rannaveskinin sözlərindən sitat gətirib.
Proqnoza görə, 2035-ci ilədək hərbi xidmətə çağırış üzrə tələb olunan sayın təmin edilməsi üçün hər il əlavə olaraq bir neçə yüz qadının xidmətə cəlb edilməsi lazım gələcək. Bununla əlaqədar müdafiə sahəsində qadınların hərbi xidmətə çağırış sayının ildə təxminən 50 nəfərdən 200 nəfərədək artırılması barədə razılıq əldə olunub.
Hazırda Estoniyada qadınlar müddətli hərbi xidmətə könüllü şəkildə qəbul olunurlar.
