ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

A- A A+

ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağı almaq üçün Prezident Vladimir Putin ilə razılıq əldə etməsi Avropanı çətin vəziyyətə salıb.

NUHÇIXAN xəbər verir ki, artıq Avropa dövlətləri milli təhlükəsizlik məsələsinə daha ciddi yanaşaraq müdafiə xərclərini daha da artırırlar. Bir tərəfdən enerji qıtlığı və bahalığı, digər tərəfdən isə Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsi Avropanı qorxuya salıb.

Almaniyada nəşr olunan “Berliner Zeitung” yazır ki, ABŞ Rusiyadan dizel yanacağı alıb daha sonra Avropa dövlətlərinə baha qiymətə satacaq. ABŞ-yə dizel satmaq üçün Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyaların aradan qaldırılması noyabrda aralıq seçkilərində D. Trampın partiyasının qələbəsini təmin etmək üçündür. Lakin heç kim zəmanət verə bilməz ki, seçkilər başa çatdıqda və respublikaçılar qalib gəldikdən sonra yenidən Rusiyaya sanksiyalar bərpa olunacaq. Olunmayacaq, ona görə ki, bu razılaşma ABŞ üçün əlverişlidir.

Yenə də enerji qiymətlərinin bahalaşmasından və qıtlığından əziyyət çəkən Avropa olacaq. Bunu nəzərə alan bir sıra Avropa siyasətçiləri Rusiya ilə enerji əməkdaşlığını bərpa etməyi təklif edirlər. Polşa siyasətinin parlaq nümayəndələrindən biri - sağyönümlü siyasi cərəyanların lideri Qjeqoj Braun bəyan edib ki, Polşa Rusiyanın həyata keçirdiyi “Şimal axını” qaz kəməri layihəsində iştirak etməli və qaz idxalını bərpa etməlidir.

Almaniyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Mixael Kellner bildirib ki, Avropa böyük təzyiq altına salınıb. Rusiya ilə ABŞ arasındakı razılaşma müharibəni davam etdirmək üçün rəsmi Moskvaya pul qazandıracaq.

Avropalı analitiklər hesab edirlər ki, ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayaraq Hörmüz boğazının bağlanmasına səbəb oldu ki, bunun da nəticəsində dünya bazarında neftin qiyməti 100 dollar həddini ötdü. İndi isə Rusiya ilə razılaşıb dizel almağa başlayacaq və daxili bazarının tələbatını ödəyəcək. Lakin məsələ ondan ibarətdir ki, ABŞ daxili tələbatı ödədikdən sonra qalan dizeli baha qiymətə Avropaya satacaq. ABŞ-nin ikibaşlı oyunu Avropanı çətinə salıb.

Hazırda dünya bazarında yanacağın qiyməti artmaqda davam edir. “Brent” markalı neftin 1 barelinin qiyməti 107 dollara çatıb. Avropa alternativ yollar axtarışını davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: