Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

A- A A+

Amerika Birləşmiş Ştatları (ABŞ) alimləri bir mayalanmış yumurta hüceyrəsinin milyonlarla hüceyrəyə çevrilmə prosesini izləməyə imkan verən “Hüceyrə nəsil ağacı” yaradıblar.

NUHÇIXAN  xəbər verir ki, “Science” jurnalında dərc olunan tədqiqat Allen İnstitutu, Vaşinqton Universitetinin Tibb Məktəbi (UW Medicine) və Biohub təşkilatının iştirakı ilə fəaliyyət göstərən Seattle Sintetik Biologiya Mərkəzinin alimləri tərəfindən aparılıb.

Tədqiqat çərçivəsində alimlər ikihəftəlik siçan embrionunun hüceyrələrinin təxminən 10 faizini təşkil edən 1,28 milyondan çox hüceyrənin mənşəyini izləyiblər. Bu, indiyədək məməli orqanizmində yaradılmış ən böyük “Hüceyrə nəsil ağacı” hesab olunur.

Tədqiqatçılar bu məqsədlə hüceyrə bölünmələri zamanı DNT-də genetik işarələr yaradan “DNA Typewriter” texnologiyasından istifadə ediblər. Bu işarələr hüceyrələr bölündükcə onların yeni yaranan nəsillərinə ötürülür və hüceyrələrin mənşəyini müəyyənləşdirməyə imkan verir.

Alimlər texnologiyanı mayalanmış siçan yumurtasına tətbiq etdikdən sonra embrionun 13,5 gün ərzində inkişafını izləyiblər. Daha sonra 1,58 milyon hüceyrə nüvəsindəki genetik işarələri təhlil edərək, hüceyrələrin ilk bölünmədən başlayaraq toxuma və orqanların formalaşmasına qədər keçdiyi yolu bərpa ediblər.

Araşdırma zamanı mayalanmış yumurtanın ilk bölünməsindən yaranan iki hüceyrə xəttinin embrionun inkişafına fərqli həcmdə töhfə verdiyi müəyyənləşdirilib. Belə ki, hüceyrə xətlərindən biri embriondakı ümumi hüceyrələrin təxminən 57, digəri isə 42 faizinin yaranmasında iştirak edib. Bununla belə, hər iki xətt embrionun müxtəlif hüceyrə növlərinə oxşar nisbətdə töhfə verib.

Tədqiqatın nəticələri hüceyrələrin inkişaf zamanı necə bölündüyünü və təşkil olunduğunu daha dərindən anlamaq üçün yeni imkanlar yaradır. Alimlərin fikrincə, bu məlumatlar anadangəlmə qüsurların, inkişaf pozğunluqlarının və xərçəngin yaranma mexanizmlərinin araşdırılmasına kömək edə bilər.

Hüceyrələrin normal inkişaf yolunun xəritələşdirilməsi onların hansı mərhələdə prosesdən kənara çıxdığını müəyyənləşdirməyə də imkan verə bilər. Bu isə gələcəkdə hüceyrənin inkişafındakı pozuntuların qarşısının alınmasında və xəstəliklərin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasında əhəmiyyətli ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, “DNA Typewriter” texnologiyası gələcəkdə xərçəng hüceyrələrinin yayılmasının, kök hüceyrə terapiyalarının təsir mexanizmlərinin və yaşlanmanın müxtəlif orqanlara təsirinin öyrənilməsində də istifadə oluna bilər.

Araşdırma çərçivəsində yaradılan “Hüceyrə nəsil ağacı” “NextCell” adlı interaktiv platformada ictimaiyyətə nümayiş etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: