Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxtda yerləşən məhkəmə binalarının girişini və çıxışını bağlayıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, fəallar yağışlı havaya baxmayaraq, Baqramyan prospektində yerləşən Konstitusiya məhkəməsinin və mayın 18-də ölkənin sabiq prezidenti Robert Koçaryanı azadlığa buraxmaq barədə qərar qəbul edən ümumi yurisdiksiya məhkəməsinin binalarını blokadaya alıb.
Mayın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını respublikada yerləşən məhkəmə binalarını blokadaya almağa çağırıb. Nazirlər Kabinetinin başçısı ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryanın həbsdən azad edilməsi barədə qərarını şərh edərkən ölkədə inqilabın “ikinci və ən əsas mərhələsinin yetişdiyini” bildirib.
Nikol Paşinyan bu gün səhər saatlarında Yerevanın mərkəzindəki ümumi yurisdiksiya məhkəməsinin binasını blokadaya alan tərəfdarlarını ziyarət edib. Jurnalistlərin suallarına cavab verməyən siyasətçi sadəcə xalqla görüşə gəldiyini bildirib.