Almaniya hökuməti uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə müdafiəsini gücləndirmək məqsədilə sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətləri və əlavə təhlükəsizlik tədbirlərini nəzərdə tutan strategiyanın əsas istiqamətlərini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, planlaşdırılan yeni qaydalara əsasən, 13 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi, 13-18 yaşlı yeniyetmələr üçün isə mərhələli məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Uşaqlar üçün xüsusi hazırlanmış platformalar istisna təşkil edə bilər.
Hökumət 2027-ci ildən etibarən rəqəmsal kimlik platforması vasitəsilə istifadəçilərin yaşının etibarlı şəkildə yoxlanılması imkanını yaratmağı planlaşdırır. Bu sistem vasitəsilə istifadəçi şəxsiyyət vəsiqəsinin bütün məlumatlarını paylaşmadan yaşını təsdiqləyə biləcək. Beləliklə, sosial şəbəkələr uşağın yaşının müəyyən edilmiş həddə uyğun olub-olmadığını yoxlaya biləcəklər.
Bundan əlavə, ibtidai sinif şagirdləri üçün süni intellektdən təhlükəsiz və şüurlu istifadə bacarıqlarını inkişaf etdirən vahid təlim proqramının hazırlanması, valideynlər üçün maarifləndirmə kampaniyasının keçirilməsi nəzərdə tutulur.
Uşaqların rəqəmsal media istifadəsi ilə bağlı risklərin erkən aşkarlanması, eləcə də onlar üçün onlayn şikayət xidmətinin yaradılması istiqamətində də tədbirlər planlaşdırılır.
