ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir - FOTOLAR

A- A A+

Hər il 3,5 milyondan çox insan qurğuşunun mənfi təsirindən dünyasını dəyişir, bu problem yüz milyonlarla uşağın sağlamlığı və inkişafı üçün ciddi təhlükə yaradır.

NUHÇIXAN Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təşkilat üzv ölkələrin əhalisini bu zəhərli metala məruz qalmaqdan qorumaq üçün tədbirləri gücləndirməyə çağırıb. Bəyanat 18-24 oktyabr tarixlərində keçiriləcək qurğuşundan zəhərlənmə əleyhinə Həftə ilə üst-üstə düşür.

ÜST qurğuşunun mənfi təsirini ictimai səhiyyəyə təhlükə kimi qəbul edir və bu sahədə profilaktik tədbirlər görmək məqsədilə Qlobal Fəaliyyət Planı hazırlamağı nəzərdə tutur. Sənədin 2027-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına təqdim edilməsi planlaşdırılır.

Təşkilat, həmçinin qurğuşundan zəhərlənmədə təhlükəsiz səviyyənin olmadığını vurğulayır. Hətta kiçik dozalar belə, xüsusən də beyin və sinir sisteminin inkişaf etdiyi uşaqlıq dövründə sağlamlığa ciddi zərər verə bilər.

Qurğuşun mənbələrinə boyalar, qab-qacaq, kosmetika, ədviyyatlar, eləcə də sənaye çirklənməsi və təhlükəli tullantıların atılması daxildir. Yetkinlərdə qurğuşunu təsirinə məruz qalma ürək-damar xəstəlikləri və böyrək zədələnməsi riskini artırır. Uşaqlarda isə bu, beyin inkişafının geridönməz pozulmasına, öyrənmə çətinliklərinə və davranış problemlərinə səbəb ola bilər. Qurğuşun zəhərlənməsinin simptomları çox vaxt özünü dərhal göstərmir.

ÜST riskləri azaltmaq üçün təhlükəsizlik tələblərinin daha sərt şəkildə yerinə yetirilməsinə, monitorinqin təkmilləşdirilməsinə və ictimaiyyətin məlumatlılığının artırılmasına çağırır. Təşkilatın son qiymətləndirməsinə görə, boyadakı qurğuşunla bağlı hüquqi məhdudiyyətlər dünya ölkələrinin 50 faizdən azında mövcuddur.

Təşkilat 2027-ci ildə ölkələrə qurğuşunun mənfi təsirinə məruz qalmağın əsas mənbələrini müəyyən etməyə, effektiv profilaktik tədbirləri seçməyə və qərarlarının təsirini qiymətləndirməyə kömək edəcək PREVENT texniki paketini işə salmağı planlaşdırır.

Bundan əlavə, ÜST zəhərlənmənin aşkarlanması sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Bu təşəbbüs Braziliyada, Hindistanın beş ştatında, Nepalda və Saharaaltı Afrikada altı ölkədə sınaq laboratoriyalarının potensialını gücləndirməyi planlaşdırır.

ÜST vurğulayır ki, effektiv profilaktika hökumətlərin, bizneslərin, tibb ictimaiyyətinin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Prioritetlərə qanunvericiliyin təkmilləşdirilməsi, təhlükəsiz sənaye istehsalının və tullantıların idarə olunmasının təmin edilməsi, laboratoriya monitorinqinin genişləndirilməsi və ictimaiyyətin təhlükələr barədə maarifləndirilməsi daxildir.

Təşkilat qeyd edir ki, qurğuşundan zəhərlənmənin qarşısının alınması təkcə ictimai sağlamlığı qorumur, həm də səhiyyə xərclərini azaldır, təhsil nəticələrini yaxşılaşdırır və ictimai məhsuldarlığı artırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: