Birləşmiş Millətlər Təşkilatı (BMT) mart ayında gübrələrin Hörmüz boğazından keçidini asanlaşdırmaq üçün xüsusi işçi qrupu yaradıb. Amma hazırlanan mexanizm hələ işə salınmayıb.
NUHÇIXAN təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT Baş katibinin müavini Xorxe Moreyra da Silva Vaşinqton və Tehran arasında razılaşma əldə olunarsa, bu mexanizmin 7-10 gün ərzində fəaliyyətə başlaya biləcəyini bildirib.
O, Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində jurnalistlərə bildirib: “Razılaşmanın növbəti bir neçə həftə ərzində əldə olunması son dərəcə vacibdir. Əks halda, əkin mövsümünü qaçıracağıq. Əgər əkin mövsümünü qaçırsaq, kənd təsərrüfatının məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı düşəcək və qiymətlərdə böyük artım olacaq”.
ABŞ Dövlət Departamentinin sözçüsü “Reuters” agentliyinin suallarını cavablandırarkən qeyd edib ki, Amerika hərbçiləri minlərlə ticarət gəmisinin boğazdan keçməsinə köməklik göstəriblər. O bildirib: “ABŞ Hörmüz boğazında gəmiçilik azadlığını pozmaq və qlobal iqtisadiyyatı girov saxlamaq üzrə İranın cəhdlərinə qarşı qətiyyətli addımlar atmağa davam edəcək”.
Vaşinqtonda yerləşən Beynəlxalq Ərzaq Siyasəti Araşdırmaları İnstitutunun (IFPRI) dərc etdiyi məlumata görə, münaqişənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, Körfəz bölgəsindən gübrə daşınması hələ də bərpa olunmayıb. İnstitut qeyd edir ki, iyunun ortalarından iyulun sonunadək mövcud olan atəşkəs dövründə gəmi daşımaları qismən bərpa olunsa da, gübrə məhsullarının payı çox cüzi - gündə beş gəmi olub.
Beynəlxalq Ticarət Palatasının avqust ayı hesabatına görə, Hörmüz boğazındakı fasilə davam edərsə, dənli bitkilərin qiymətləri 81 faizə, heyvandarlıq məhsullarının qiymətləri 30 faizə qədər arta bilər.
Təklif olunan əməliyyat gəmiləri qeydiyyata almaq və təhlükəsiz keçidi əlaqələndirmək üçün Omandakı koordinasiya mərkəzindən istifadə edəcək, BMT müşahidəçiləri isə malların yüklənməsini yoxlamaq üçün Körfəz limanlarında yerli hakimiyyət orqanları ilə birlikdə çalışacaq.
Moreyra da Silva bildirib ki, Hörmüz boğazından gündə yalnız beş gəminin keçməsi gübrə təchizatının kritik ehtiyacı olan ölkələrə axınını təmin edə bilər. O əlavə edib ki, gəmilər tranzit zamanı izləniləcək və ölkələr gəmi və ya onun yükü ilə bağlı narahatlıqlarını bildirərsə, əlavə yoxlamalar aparıla bilər.
