İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

A- A A+

Fransanın Luvr muzeyi, Strasburq kafedralı və Şambor qəsri də daxil olmaqla, ölkənin 20 mühüm tarixi irsi obyekti iqlim dəyişmələrinin yaratdığı təhlükələrlə üzləşir. İqlim Fəaliyyəti Şəbəkəsi xəbərdarlıq edir ki, daşqınlar, meşə yanğınları, sahil eroziyası, quraqlıq və temperaturun yüksəlməsi bu abidələrin qorunmasını getdikcə çətinləşdirir.

NUHÇIXAN  xəbər verir ki, oktyabrın 15-də dərc olunan hesabatda tarixi abidələrin iqlim risklərinə uyğunlaşdırılması üçün tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Sənədin müəllifi Benjamən Krettenanın sözlərinə görə, mədəni irsin qorunması təkcə binaların mühafizəsi deyil, həm də iqtisadiyyatın, ziyarətçilərin və işçilərin sağlamlığının, eləcə də ərazilərlə bağlı tarixi bağlılığın qorunması deməkdir.

Hesabata əsasən, Alp dağlarındakı Monanver ərazisində Mer-de-Qlas buzlağının geri çəkilməsi məşhur mənzərənin itirilməsi riskini artırır. Bretan bölgəsində Sen-Malo şəhərinin qala divarları sahil eroziyasından və dənizin səviyyəsinin yüksəlməsindən zərər görə bilər. Azay-le-Rido və Şambor qəsrləri daşqınlar və torpağın qeyri-sabitliyi, Bonifasio qalası isə sahil eroziyası təhlükəsi ilə üzləşir.

Strasburq kafedralının qumdaşından tikilmiş hissələrinin iqlim dəyişmələri nəticəsində daha sürətlə aşınması ehtimal olunur. Parisdə yerləşən Luvr muzeyi üçün isə Sena çayının güclü daşması təhlükə yaradır, belə hadisə ziyarətçilər üçün nəzərdə tutulan sahələrin və kolleksiyaların saxlandığı anbarların bir hissəsini su altında qoya bilər. Versal sarayı və bağları da güclü istilərdən getdikcə daha çox təsirlənir.

Yeni Akvitaniyada yerləşən Lasco mağarası, Midi kanalı, Karkasson qala şəhəri, Normandiyanın desant sahilləri və Qerand duz bataqlıqları da təhlükə altındadır. İqlim dəyişmələri, həmçinin meşə yanğınlarının, ekstremal hava hadisələrinin və dənizin səviyyəsinin yüksəlməsinin təsirlərini gücləndirir.

Hesabatda vurğulanır ki, tarixi irsin qorunması üçün uyğunlaşma planları hazırlanmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: