Oktyabrın 14-də “Apple” şirkətinin səhmlərinin qiyməti ticarət gününün sonunda rekord həddə çatıb və o, tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub.
NUHÇIXAN xəbər verir ki, “Apple” əvvəlki ticarət günlərində altı dəfə 5 trilyon dollarlıq bazar dəyəri həddini keçsə də, sessiyanı bu göstəricidən yuxarı səviyyədə başa vura bilməmişdi. “Nu.nl” nəşrinin məlumatına görə, çərşənbə günü şirkət buna nail olub. Ticarət sessiyasının sonunda “Apple”ın bazar dəyəri 5,005 trilyon dollar təşkil edib. Bu həddi daha əvvəl yalnız NVIDIA şirkəti keçmişdi.
“Apple”in gəlirləri ABŞ-nin əsas fond bazarı indeksində təmsil olunan şirkətlərin orta göstəricisi ilə müqayisədə daha yavaş artsa da, investorlar onun səhmlərini yüksək qiymətləndirirlər. Analitiklər bunu, ilk növbədə, investorların “Apple” səhmlərini etibarlı və gələcək gəlirləri etibarlı və davamlı investisiya vasitəsi hesab etmələri ilə izah edirlər.
Bundan əlavə, texnologiya şirkəti irihəcmli investisiyalara nisbətən az vəsait ayırıb. Bu yanaşma investorların gəlirliliyinin artmasına və risklərin azalmasına şərait yaradıb. Süni intellekt sahəsinin sürətlə inkişaf etdiyi dövrdə bunun əhəmiyyəti xüsusilə aydın görünüb.
Texnologiya sektorundakı rəqibləri məlumat mərkəzlərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırdığı halda, “Apple” əsas diqqətini elektron cihazların istehsalına və yüksək gəlir gətirən xidmətlərin satışına yönəldib.
İnvestorların “Apple”ə inamı o qədər yüksəkdir ki, şirkətin xərcləri əhəmiyyətli dərəcədə artsa da, səhmlərinin qiyməti yüksəlməkdə davam edib. Məsələn, bazarda yaranmış qıtlıq səbəbindən “iPhone”, “Mac” və “iPad” cihazlarında istifadə olunan yaddaş mikrosxemlərinin və məlumat saxlama qurğularının qiymətləri kəskin artıb. Buna baxmayaraq, “Apple” bütün məhsullarının, o cümlədən əvvəlki nəsil “iPhone” modellərinin qiymətlərini artırıb.
