Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının (DUP) keçmiş lideri Cefri Donaldson uşaqlara qarşı törətdiyi cinsi xarakterli cinayətlərə, o cümlədən zorlama ittihamına görə 15 il müddətinə azadlıqdan məhrum edilib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, hökm Nyuri Kral Məhkəməsində elan olunub. Hakim Pol Remzi bildirib ki, Donaldsonun 1985–2008-ci illərdə törətdiyi cinayətlər onun nüfuzunun ciddi şəkildə sarsılmasına səbəb olub. Məhkəmənin qərarına əsasən, 63 yaşlı keçmiş siyasətçi zərərçəkmiş şəxslərdən birinə qarşı törətdiyi cinayətlərə görə 11 il, digərinə qarşı cinayətlərə görə isə 4 il həbs cəzası alıb. Cəzaların ardıcıl şəkildə icra olunması qərara alınıb. İyun ayında təqsirli bilinən Donaldson məhkəmənin qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.
Bununla belə, keçmiş siyasətçi 15 illik həbs cəzasının yalnız yarısını həbsxanada keçirəcək. Buna səbəb cinayətlərin Şimali İrlandiyada 2008-ci il Cinayət Ədliyyəsi haqqında qanunvericilik aktı qüvvəyə minməzdən əvvəl törədilməsidir. Həmin dövrün qanunvericiliyinə əsasən, Donaldson cəza müddətinin 50 faiz azaldılması hüququna malikdir.
