Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) arxeoloqları Mezoamerikanın qədim astronomlarının sirlərini üzə çıxarıblar.
NUHÇIXAN xəbər verir ki, “HeritageDaily” portalının məlumatına görə, onlar Meksikanın Puebla ştatında yaşı 2 500 ildən çox olan günəş rəsədxanasının mövcudluğunu təsdiqləyiblər.
Qədim Teteles-de-Avila-Kastilyo yaşayış məskənində adi ritual tikililər kimi görünən yerlər əslində mürəkkəb astronomik bilikləri gizlədirdi. Tədqiqatçılar müəyyən ediblər ki, yerli sakinlər iki min ildən çox əvvəl Günəşin hərəkətini izləmək və təqvimin mühüm tarixlərini müəyyənləşdirmək üçün monumental tikililər kompleksi inşa ediblər. Nəhəng kompleksin şərq platforması gecə ilə gündüzün bərabərləşdiyi günləri, eləcə də ilin ən uzun və ən qısa günlərini müəyyənləşdirməyə imkan verən nişan rolunu oynayıb. Bu tapıntı qədim mayyaların yaşadığı ərazidən kənarda bu tipli müşahidə məntəqəsinin mövcudluğunu təsdiqləyən ilk sübutdur.
Tikilinin özünəməxsus quruluşu sakinlərə fevral ayında əkin mövsümünün başlanmasını, oktyabr ayında isə məhsul yığımının vaxtını dəqiq müəyyənləşdirməyə imkan verib. Səma cisimlərinin hərəkətini və dövri dəyişiklikləri izləmək dəyişkən iqlim şəraitində bütöv xalqların yaşaması üçün mühüm əhəmiyyət daşıyıb. Bu müşahidələr kahinlərə dini mərasimləri və kənd təsərrüfatı işlərini planlaşdırmağa kömək edib.
Kəşf totonak sivilizasiyasının mənşəyi və onun ilkin mədəniyyəti haqqında yeni məlumatlar ortaya qoyur. Yaşayış məskənindən eramızdan əvvəl 900-cü ildən etibarən fəal istifadə olunub. Teotiuakan kimi iri şəhərlərin meydana çıxmasından sonra məskən əvvəlki əhəmiyyətini qismən itirsə də, müqəddəs yer olaraq qalıb. Sonrakı dövrdə burada başqa xalqların gətirdiyi, eramızın 600–900-cü illərinə aid nəzir əşyaları da aşkar edilib.
Əldə olunan bu məlumatlar alimləri astronomiyanın qədim dünyada şəhərsalmanın inkişafındakı roluna yenidən nəzər salmağa vadar edir. Astronomik müşahidələrə əsaslanan dəqiq biliklər teleskoplar ixtira edilməzdən xeyli əvvəl mövcud olub və əcdadlarımızın ilkin həndəsi biliklərinə əsaslanıb.
