Yaponiyada yaşayan xarici vətəndaşların sayı 2026-cı ilin iyun ayının sonuna 4,28 milyona çataraq rekord həddə yüksəlib.
NUHÇIXAN Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya Xidmətləri Agentliyi açıqlama yayıb. Bildirilib ki, xarici sakinlər Yaponiya əhalisinin 3,4 faizini təşkil edir. Onların sayı 2025-ci ilin sonu ilə müqayisədə təxminən 155 min nəfər artıb.
Əcnəbilər arasında Çin, Vyetnam və Cənubi Koreya vətəndaşları üstünlük təşkil edir. Yaponiyada tələbə vizası ilə yaşayanların sayı 479,6 min nəfərə, mühəndislik və beynəlxalq xidmətlər sahələrində çalışan xarici mütəxəssislərin sayı isə 516,2 min nəfərə çatıb.
Bununla yanaşı, ölkədə əcnəbilər üçün bəzi viza qaydaları sərtləşdirilib. Biznes meneceri vizası üçün tələb olunan minimum kapital 5 milyon yendən 30 milyon yenə qaldırılıb. Nəticədə, 2026-cı ilin birinci yarısında bu viza ilə ölkəyə gələnlərin sayı 80,9 faiz azalaraq 635 nəfərə düşüb.
İyulun 1-nə olan məlumata görə, Yaponiyada qanunsuz yaşayan əcnəbilərin sayı isə 4,8 faiz azalaraq 65 min 229 nəfər təşkil edib.
