Yaxın Şərqdə müharibənin başlanmasından və Hörmüz boğazında gəmiçiliyin pozulması nəticəsində neft gəlirlərinin kəskin azalmasından sonra İraq təxminən 60 milyard dollar itirib.
NUHÇIXAN İraq xəbər agentliyinə (İNA) istinadla bildirir ki, bunu ölkənin xarici işlər naziri Fuad Hüseyn cümə axşamı Romada italiyalı həmkarı ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, fevral ayında regionda müharibənin başlamasından sonra İraqda iqtisadi böhran dərinləşib. Ölkənin gəlirlərinin təxminən 90 faizini təmin edən neft ixracı bir neçə ay ərzində kəskin azalıb. Nəticədə hökumət daxili borclanmaya gedib, istehlak mallarının qiymətləri artıb, ölkənin xarici valyuta ehtiyatları isə təxminən 20 milyard dollar azalıb.
Xatırladaq ki, OPEC üzvü olan İraq müharibədən əvvəl gündəlik təxminən 4 milyon barel neft hasil edirdi, bunun 3,5 milyon barelə yaxın hissəsini, əsasən, ölkənin cənubundan Hörmüz boğazı vasitəsilə ixrac edirdi. Lakin müharibənin başlamasından sonra su yolunda gəmiçiliyin məhdudlaşdırılması İraqın neft ixracına ciddi təsir göstərib. Anbarların dolması səbəbindən ölkə bir sıra yataqlarda hasilatı dayandırmağa məcbur olub. İraq məhdud həcmdə nefti Suriyaya tankerlərlə və Türkiyəyə boru kəməri vasitəsilə ixrac etməyə başlayıb.
İraq Neft Nazirliyinin məlumatına görə, ixrac həcmi son dövrdə qismən bərpa olunaraq sentyabrın 1-dən 21-dək gündəlik 2,6 milyon barelə çatıb.
Beynəlxalq Valyuta Fondu da bu həftə İraqın müharibə nəticəsində nəqliyyat marşrutlarında yaranan pozuntulardan ən çox zərər çəkən ölkələrdən biri olduğunu bildirib.
İqtisadi böhranın dərinləşməsi fonunda İraq Mərkəzi Bankı ötən həftə üç ildən artıq müddətdə ilk dəfə dolların rəsmi məzənnəsini artırıb.
