Macarıstan Avropa İttifaqının (Aİ) karbon emissiyalarına görə qiymət müəyyənləşdirilməsi sisteminin tətbiqinin təxirə salınmasını tələb edən ölkələrə qoşulub.
NUHÇIXAN xəbər verir ki, Brüsseldə keçirilən Avropa Şurasının sammitində Macarıstan, İtaliya, Polşa və Çexiya nəqliyyat və binaların istilik təchizatı sahələrində karbon emissiyalarına görə ödəniş mexanizminin tətbiqinin ən azı 2030-cu ilədək təxirə salınmasını təklif ediblər.
Məlumata görə, müzakirələr təxminən üç saat davam edib. Təklif Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənməyib.
2028-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan ETS2 sistemi fosil yanacaqlardan istifadənin azaldılmasını və daha təmiz enerji mənbələrinə keçidi təşviq etməyi hədəfləyir. Bununla belə, tənqidçilər hesab edirlər ki, yeni mexanizm əhalinin istilik və nəqliyyat xərclərini artıra bilər.
Macarıstan və digər ölkələr enerji qiymətlərinin yüksəldiyi bir vaxtda bu siyasətin ailələrə və biznesə əlavə maliyyə yükü yaradacağından narahatdırlar. Almaniya, Fransa, Niderland və Skandinaviya ölkələri isə sistemdə dəyişikliklərə qarşı çıxırlar.
