BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

A- A A+

Sentyabr ayında Rusiya ordusunun hücumlarının intensivləşməsi nəticəsində Ukraynada mülki şəxslərin ölüm və yaralanma sayı əvvəlki illərin rəqəmlərini xeyli üstələyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları Monitorinq Missiyasının hesabatında bildirilib.

Monitorinq missiyası sentyabr ayında Ukraynada ən azı 328 mülki şəxsin öldürüldüyünü və daha 2105 nəfərin yaralandığını təsdiqləyib ki, bu da ümumi ölüm və yaralanma sayının 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 85 faiz çox olduğunu göstərir. Həmin vaxt 208 nəfər həlak olub və 24 nəfər yaralanıb.

Mülki şəxslər Ukraynanın 22 bölgəsində və Kiyevdə həlak olub və ya yaralanıblar. Ən çox itki paytaxt Kiyevdə, Xerson, Xarkov, Sumı və Zaporojyedə qeydə alınıb.

Oktyabr ayında mülki əhali arasında itkilərin sayı da yüksək olaraq qalıb. Oktyabrın 7-də gecə Ukraynanın bir neçə bölgəsinə qanadlı raketlər və dronlarla hücum edilib. Çerniqov bölgəsində və Prilukidə 22 mülki şəxs həlak olub, 45 nəfər yaralanıb.

Monitorinq missiyası çox sayda mülki şəxs arasında itkilərin olduğu digər hücumları, o cümlədən oktyabrın 8-də Kramatorskda, oktyabrın 10-da Zaporojyedə və oktyabrın 14-də Lutskda baş verən hücumları sənədləşdiriblər.

"Oktyabrın ilk iki həftəsi son illərdə mülki əhali üçün ən ölümcül həftələr arasında olub. Cəmi bir neçə gün ərzində hücumlar Xarkov, Zaporojye, Kramatorsk və Kiyevdə çox sayda insan itkisi ilə nəticələnən hadisələrə səbəb olub", - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, sentyabr və oktyabr aylarında itkilərin artması Ukraynanın enerji infrastrukturuna yenidən sistematik hücumlar fonunda baş verib. Xüsusilə, sentyabrın 30-da baş verən hücum üç bölgədə və Kiyevdə elektrik enerjisi istehsalı, paylanması və ötürmə qurğularına ziyan vurub və elektrik kəsintilərinə səbəb olub.

Enerji və istilik infrastrukturuna hücumlar oktyabr ayında da davam edib. Oktyabrın 13-14-də baş verən hücumlar zamanı Ukraynanın bir sıra enerji qurğularına, o cümlədən Kiyevin üç əsas elektrik stansiyasına zərbələr endirilib. Nəticədə, paytaxtın 600 min sakini müvəqqəti olaraq elektriksiz qalıb.

2026-cı ilin yanvar-sentyabr aylarında Ukraynada 2570 mülki şəxs həlak olub, daha 15 min 211 nəfər yaralanıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59 faiz və 2024-cü ilin ilk doqquz ayı ilə müqayisədə iki dəfədən çoxdur.

Uzaqmənzilli silahlar - raketlər və dronlar sentyabr ayında mülki şəxslərin ölüm və yaralanmasının əsas səbəbi olaraq qalıb. Onlar bütün itkilərin 53 faizini təşkil edib: 165 ölü və 1119 yaralı. Ölümlərin ikinci ən böyük səbəbi qısamənzilli dronlardan xəsarətlər olub - 87 ölü və 475 yaralı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: