Böyük Britaniya ordusunun Baş Qərargah rəisi, general Roli Uoker dünyada artan geosiyasi təhlükələr fonunda ölkənin yaxın gələcəkdə hərbçilərin döyüş əməliyyatlarında iştirakına ehtiyac duya biləcəyi barədə xəbərdarlıq edib.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, general yaxın vaxtlarda ölkənin siyasi liderlərinin müharibə vəziyyətində tələb oluna biləcək fədakarlıqlarla bağlı ictimaiyyətlə açıq və səmimi müzakirələr aparmalı olacağını bildirib. Onun sözlərinə görə, vətəndaşlar ordunun ölkənin təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu anlamalı, müdafiə və təhlükəsizliyin prioritetləşdirilməsi naminə müəyyən fədakarlıqlara hazır olmalıdırlar.
Yorkşirdə yerləşən Katterik hərbi qarnizonuna səfəri zamanı təxminən 700 hərbçi qarşısında çıxış edən general Böyük Britaniyanın yaxın gələcəkdə əsgərlərin döyüş əməliyyatlarında iştirakına ehtiyac duya biləcəyini vurğulayıb: “Bəlkə də siz bunu bilmirsiniz, amma ölkəmizin sizə ehtiyacı olacaq”,- deyə general bildirib.
Uoker qeyd edib ki, əvvəllər Britaniya cəmiyyəti ordunun müharibədə iştirak etmək məcburiyyətində qalacağı bir dövr haqqında düşünmək istəmirdi. Lakin hazırkı geosiyasi vəziyyət və dünyada artan təhlükələr hərbi hazırlıq məsələsini yenidən gündəmə gətirib. Generalın sözlərinə görə, beynəlxalq münasibətlərin inkişaf istiqamətini izləyən hər kəs hazırda dünyada son dərəcə ciddi təhlükələrin mövcud olduğunu görə bilər.
