ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatları əhatə edib. Təkcə 2025-2026-cı tədris ilində ştatda 5,7 milyondan çox məktəbli olub.
Müəyyən edilib ki, cinayətkar təhsil testlərinin keçirilməsi ilə məşğul olan "Educational Testing Service" (ETS) qeyri-kommersiya təşkilatının sisteminə çıxış əldə edib və 2026-cı il mayın 22-dən sentyabrın 18-dək olan məlumatları kopyalayıb.
Təhlükəsizlik pozuntusu sentyabrın 25-də aşkar edilib. Hazırda təşkilat zərərçəkmiş şagirdləri və onların ailələrini məlumatlandırır.
Nazirlikdən vurğulayıblar ki, oğurlanmış məlumatların yayımlanmasına dair hələ ki heç bir sübut aşkar edilməyib.
ETS-dən informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirildiyi bildirilib.
