Ukrayna taxıl dəhlizi üzrə Misir, Türkiyə və Hindistanla danışıqlar aparır

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Qara dənizdə mülki dəniz nəqliyyatının, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracının yenidən başlaması üçün Türkiyə, Misir və Hindistanla danışıqların aparıldığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Ukrayna lideri “Bloomberg”ə müsahibəsində bu ölkələrin öz bayraqları altında hərəkət edən gəmilərin həm Ukrayna, həm də Rusiya limanlarında təhlükəsiz şəkildə lövbər salmasına və qida məhsulları daşımasına imkan verən təklif təqdim etdiklərini bildirib. Plan tərəflər arasında gəmilərə hücum etməmək barədə razılığa gəlməyi hədəfləyir.

Zelenski deyib: “Bir gəmi bizim limanımıza, digəri isə Rusiya limanına gedəcək və biz heç bir gəmiyə hücum edilməyəcəyi barədə razılıq əldə olunacaq”. Bununla yanaşı, Ukrayna Prezidenti Türkiyə, Hindistan və Misirin vasitəçilik səylərinə baxmayaraq, Rusiyanın bu plana qarşı çıxdığını iddia edib.

Ukraynanın ərzaq ixracının əsas marşrutu olan Qara dəniz limanları marketinq mövsümündə 40 milyon tona qədər taxıl göndərmək gücünə malikdir. Lakin Rusiyanın liman infrastrukturuna və gəmilərə hücumları səbəbindən avqust ayından bəri daşımalar dayandırılıb. Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə hazırda normal ixrac həcminin yalnız 38 faizini həyata keçirə bilir.

Zelenski bu yük həcminin dəmir yolu ilə daşınmasının mümkün olmadığını bildirib və Avropa İttifaqından 2022-ci ildə Rusiyanın genişmiqyaslı təcavüzündən sonra həyata keçirilən “həmrəylik dəhlizləri” proqramını yenidən başlatmasını istəyib. Bu proqram Ukrayna taxılının Avropa dəmir yolları və limanları vasitəsilə ixracına imkan verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: