Braziliyanın 49 yaşlı sakini Edimar Martins sosial şəbəkələrdə tanış olduğu və evlənəcəyinə ümid bəslədiyi qadınla görüşmək üçün bütün əmlakını sataraq 1200 mildən çox yol qət edib. Lakin təyinat yerinə çatdıqda sevdiyi qadının süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənib.
NUHÇIXAN “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, tikinti sahəsində çalışan Martins 2020-ci ildə “Cessika Oliveyra” adlı hesabı izləməyə başlayıb. Bu hesabın 300 minə yaxın izləyicisi var. Hesabda yayımlanan videolarda qadın potensial həyat yoldaşını fermasına dəvət edir, ona maddi dəstək vəd edirdi.
Martins oktyabrın 9-da bütün şəxsi əşyalarını sataraq Minas-Jerays ştatının Belo Horizonte şəhərinə yola düşüb. Oktyabrın 11-də şəhərə çatsa da, görüşmək istədiyi qadını tapa bilməyib. Yerli radioya müraciət etdikdə isə belə bir qadının real həyatda mövcud olmadığı bildirilib.
Var-dövlətini itirən braziliyalı bələdiyyədən yardım istəyib və sosial xidmətlərin dəstəyi ilə doğma şəhərinə qayıtmaq imkanı əldə edib. Yaşadığı hadisənin onda dərin kədər və məyusluq yaratdığını, lakin ailə qurmaq ümidini itirmədiyini bildirib.
Sonradan hesabı idarə edən şəxs qadın obrazının süni intellektlə yaradıldığını etiraf edib. Onun sözlərinə görə, məqsəd hesabın izləyici sayını artırmaq və gələcəkdə məhsullar satmaq olub. O, Martinslə birbaşa əlaqə saxlamadığını və baş verənlərdən təəccübləndiyini ifadə edib.
Hazırda qohumunun yanında yaşayan Martins gələcəkdə yenidən Belo Horizonte şəhərinə qayıdaraq həyat yoldaşını tapmağa çalışacağını deyir.
Hadisə sosial şəbəkələrdə saxta profillərin və süni intellektlə yaradılan reallığabənzər obrazların yaratdığı təhlükələri gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, birbaşa qiymətləndirmə aparmadan belə hallarda xüsusilə ehtiyatlı davranmaq vacibdir. Virtual münasibətlərə həddindən artıq etibar həm maddi itkilərə, həm də ciddi psixoloji zərbələrə səbəb ola bilər.
