Fransanın paytaxtında oktyabrın 18-də gecə saatlarında Respublika meydanı və Halles məhəlləsi ətrafında nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında bir neçə saat davam edən toqquşmalar baş verib. Hadisələrdən narazı qalan şəhər sakinləri vəziyyətin fəlakətli olduğunu bildirir, gənc etirazçılar isə tələblərinə cavab verilmədiyini deyirlər.
NUHÇIXAN xəbər verir ki, “Franceinfo” kanalının məlumatına görə, yüzlərlə şəxsin iştirak etdiyi qarşıdurmalarda gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə olunub, mağazaların talan edilməsi halları qeydə alınıb. Şəhər iğtişaşlarına qarşı mübarizə üzrə ixtisaslaşmış CRS 8 bölməsi də hadisə yerinə cəlb edilib.
Etirazlarda iştirak edən 18 yaşlı iki gənc isə qarət və dağıntıları pisləsələr də, gənclərin öz səslərini eşitdirmək üçün çıxış yolu axtardıqlarını deyiblər. Gənclər dövlət başçısının sərt mövqeyinin polisə məktəblilərə qarşı daha geniş güc tətbiq etmək imkanı verə biləcəyindən narahat olduqlarını bildiriblər. Onlar Prezident Emmanuel Makronun çıxışından sonra da konkret cavab gözləyirlər.
Qeyd edək ki, Fransa Prezidenti zorakılıqlarla bağlı bütün məsələlərin şəffaf araşdırılmasını tələb edib və dialoqun zəiflik, yaxud cəzasızlıq demək olmadığını vurğulayıb.
