ABŞ Trans-Xəzər ticarət marşrutunun infrastrukturunun inkişafına və Mərkəzi Asiya ölkələrinin ABŞ və region bazarlarına çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək niyyətindədir.
NUHÇIXAN Özbəkistan mediasına istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Səmərqənddə Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin xarici işlər nazirlərinin C5+1 formatında keçirilən görüşündə bildirib.
“Biz Trans-Xəzər ticarət marşrutunun infrastrukturunu təkmilləşdirəcək və tərəfdaşlarımıza ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün daha geniş imkanlar yaradacağıq”, – deyə Dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton, həmçinin kritik əhəmiyyətli minerallar sahəsində yüksək əlavə dəyərə malik inteqrasiya olunmuş təchizat zəncirlərini inkişaf etdirmək və regionun texnologiya sektoru üçün minlərlə gənc mütəxəssisin hazırlanmasına dəstək göstərmək niyyətindədir.
Marko Rubio vurğulayıb ki, ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə və ümumi rifahın yüksəldilməsinə imkan verəcək.
Bundan əlavə, B5+1 biznes forumu vasitəsilə qarşılıqlı ticarət və investisiyaların artırılması məqsədilə dövlət və biznes nümayəndələri arasında dialoqun inkişafına dəstək göstərilməsi planlaşdırılır.
