Fransanın paytaxtı Parisdə oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən zorakılıqlarla əlaqədar 557 nəfər polis nəzarətinə götürülüb. Paris prokuroru Lor Beko bildirib ki, saxlanılanların 77 faizi yetkinlik yaşına çatmış şəxslərdir.
NUHÇIXAN xəbər verir ki, prokuror TF1 telekanalına müsahibəsində gecə ərzində 130-dan çox şəxsin saxlanıldığını qeyd edib. Onun sözlərinə görə, araşdırmalar təkcə qarət halları ilə deyil, paytaxtda törədilmiş digər hüquq pozuntuları ilə də bağlıdır.
Lor Beko saxlanılan şəxslərin siyasi mənsubiyyəti barədə nəticə çıxarmağın hələ tez olduğunu bildirib. O, daxili işlər naziri Loran Nunyesin zorakılıqların ifrat solçu qruplar tərəfindən qızışdırıldığı barədə iddialarına münasibətdə ehtiyatlı mövqe nümayiş etdirib.
Paris polis prefekti Patris For isə zorakılıq və dağıntı törədən şəxslərin müəyyənləşdirilməsi üçün xüsusi istintaq qrupunun yaradıldığını açıqlayıb. Qrup müşahidə kameralarının, mağazaların videoyazılarının və sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması ilə məşğul olacaq.
Bu tədbirlər oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində həyat bahalığına qarşı etirazlar və məktəblilərin aksiyaları zamanı baş verən toqquşmalar, yanğınlar və qarətlərdən sonra həyata keçirilir.
