Fransada iğtişaşların səbəbləri: İqtisadi narazılıq, bahalaşma və hökumətin yanlış siyasəti - FOTOLAR

A- A A+

Fransada 2026-cı ilin oktyabrında baş verən və bu günə kimi davam edən kütləvi etirazlar və zorakılıq halları ölkənin iqtisadi və sosial problemlərini yenidən gündəmə gətirib. Etirazların əsas səbəbləri sırasında yaşayış xərclərinin artması, təhsil müəssisələrində problemlər, dövlət xidmətlərindən narazılıq və hökumətin büdcə siyasəti ilə bağlı mübahisələr göstərilir. Hadisələr bəzi şəhərlərdə mağazaların talan edilməsi, ictimai binaların zədələnməsi və polislə toqquşmalarla müşayiət olunub.

NUHÇIXAN xəbər verir ki, Fransadakı vəziyyəti yalnız küçə zorakılığı ilə izah etmək düzgün olmazdı. Mövcud məlumatlar göstərir ki, sosial narazılıq, iqtisadi çətinliklər və siyasi gərginlik bir-biri ilə kəsişir.

Aşağı və ortagəlirli ailələr üçün ərzaq, mənzil, nəqliyyat və enerji xərcləri iqtisadi narazılığın əsas mənbələrindəndir. Xüsusilə gəlirlərin artımı gündəlik artan xərclərə uyğunlaşmadıqda, insanların nominal əməkhaqqı artsa belə, real alıcılıq qabiliyyəti aşağı düşür.

2026-cı il üzrə Avropa Komissiyasının (AK) yaz proqnozunda Fransada inflyasiyanın 2,4 faiz olacağı, iqtisadi artımın isə cəmi 0,8 faiz təşkil edəcəyi gözlənilirdi. Bu rəqəmlər iqtisadiyyatın artmayacağı barədə xəbər verir.

2026-cı ilin oktyabr etirazları barədə yayılan məlumatlarda şagirdlər və tələbələr məktəblərdə müəllim çatışmazlığını, tədris şəraitinin pisləşməsini və universitetlərə qəbul sistemindəki çətinlikləri önə çəkiblər. Sonradan etirazlara yaşayış xərcləri və əməkhaqqı ilə bağlı narazılıqlar da əlavə olundu. Bu məqam mühümdür: etirazların səbəbləri təkcə inflyasiya deyil. İnsanlar ödədikləri vergilərin müqabilində təhsil, səhiyyə, nəqliyyat və digər ictimai xidmətlərin keyfiyyətinin qorunmasını da tələb edirlər.

“Associated Press” 18 oktyabr tarixli xəbərlərində bir sıra şəhərlərdə ciddi toqquşmalar, həbslər və maddi zərər barədə məlumat verib.

Fransa Avropanın böyük iqtisadiyyatlarından biridir. Bununla belə, iqtisadiyyatın həcmi dövlətin maliyyə problemlərindən və əhalinin gündəlik həyatında yaranan çətinliklərdən sığortalanması demək deyil. Fransanın dövlət borcu 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM)-in 112,6 faizi olduğu halda, 2025-ci ilin sonunda 115,6 faizə yüksəlib. Borcun məbləği 3,46 trilyon avroya çatıb. Bu vəziyyət hökumətin gələcək illərdə faiz ödənişləri və sosial xərclər arasında seçim imkanlarını məhdudlaşdırıb.

2025-ci ildə dövlət büdcəsinin deyil, bütün ümumi dövlət idarəetmə sektorunun kəsiri 152,5 milyard avro və ya ÜDM-in 5,1 faizi səviyyəsində olub. Avropa Komissiyası 2026-cı ildə iqtisadi artımın 0,8 faiz, işsizliyin isə 8,3 faiz olacağını proqnozlaşdırıb. Belə bir şəraitdə yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin davamlı artırılması artıq mümkün görünmür.

Fransada yaranan bu qeyri-sabit iqtisadi və siyasi vəziyyətin əsas səbəbkarı Prezident Emmanuel Makronun yanlış, bəzən isə məsuliyyətsiz addımlarıdır. Hakimiyyətə gəlmək üçün ictimaiyyət qarşısında populist çıxışlar edərək, icrası mümkün olmayan vədlər verməsi böhrana gətirib çıxarıb. Dünən Parisdə, Marseldə, Lion, Tuluza, Strasburq və digər iri şəhərlərdə baş verən ixtişaşlar zamanı Prezident E. Makronun ailəsi birlikdə konsertdə olması ictimaiyyəti daha hiddətləndirib. Paris və digər şəhərlərdə mağazaların talan edilməsinin əsas səbəbi də E. Makronun etirazçıların tələblərinə biganə yanaşmasıdır.

Əhali yüksək vergi ödədiyi halda məktəblərdə müəllim çatışmazlığı, səhiyyədə xidmətə əlçatanlığın çətinliyi və ya nəqliyyat problemləri ortaya çıxırsa dövlət xərclərinin səmərəliliyi barədə suallar yaranır. Bu səbəbdən hökumətin məsuliyyəti yalnız çoxlu vəsait toplamaqla deyil, həmin vəsaitin necə xərclənməsi ilə də ölçülməlidir. Bir sıra perefektoriyalarda korrupsiya hallarının baş verməsi aşkarlanıb və bu səbəbdən etirazçılar inzibati binaları talan ediblər.

Bəzi mənbələrə görə ölkə üzrə etiraza çıxanların sayı qısa müddətdə 550 mindən 1 milyona yaxınlaşıb, 2 min 400 nəfər həbs edilib, 1000 polis əməkdaşı ağır xəsarət alıb, Parisdə 50 mağaza tamamilə talan edilib.

Limoges şəhərində tarixi bələdiyyə binasında baş verən yanğın nəticəsində binanın damı çöküb. Marseldə bələdiyyə binasına daxilolma və polis məntəqəsinə zərər vurulması, Lionda isə turizm məlumat mərkəzində yanğın barədə məlumat verilib.

Ölkədəki vəziyyətlə bağlı 3 gün susan Prezident E. Makron ötən gecə əhaliyə televiziya vasitəsilə müraciət edərək onları sakitləşdirməyə çalışıb. Analitiklər qeyd edirlər ki, Prezident öz çıxışında vəziyyətin düzgün istiqamətə yönəldilməsi üçün heç bir söz demədi, heç bir proqram və ya tədbirin həyata keçiriləcəyini əhalinin nəzərinə çatdırmadı ki, bunun da çox sadə bir səbəbi var: Prezidentin təklif edəcək heç bir proqramı yoxdur. O sadəcə yalan vədlər verərək əhalidən səs toplayıb. Hazırda iqtisadi vəziyyətin düzəlməsi üçün Fransanın qarşısında vergilərin və xarici borcun azaldılması, dövlət xidmətlərinin səviyyəsini yüksəldilməsi, yeni iş yerlərinin açılması kimi vəzifələr dayanır. Bu vəzifələri isə hazırkı hökumət yerinə yetirmək iqtidarında deyil. Bu baxımdan Fransa xalqı Prezident E. Makronun istefasını tələb edir.

Müxtəlif ölkələrin daxili işinə qarışıb rəngli inqilablar törədən rəsmi Paris bu gün özü inqilabla üz-üzə qalıb. Fransanın bu böhrandan necə çıxacağını isə zaman göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: