Böyük Britaniyanın Şimali İrlandiya bölgəsində yüzlərlə məktəbə bomba hədəsi göndərilib.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, təhlükəsizlik narahatlığı səbəbindən bəzi təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb. Şimali İrlandiya Polis Xidmətinin məlumatına görə, təxminən 300 məktəb bomba yerləşdirilməsi ilə bağlı hədələr alıb. Bununla belə, polis hazırkı mərhələdə hədələri real təhlükə kimi qiymətləndirmir. Şimali İrlandiyanın Təhsil İdarəsi bu gün səhər saatlarında hüquq-mühafizə orqanları ilə təcili iclas keçirib. Hazırda məktəblərə hədələrin real təhlükə hesab edilmədiyi bildirilib. Bununla belə, baş verənlər valideynlər, şagirdlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.
Şotlandiyada da bir sıra məktəblərə oxşar təhdid mesajları göndərilib. Şotlandiya polisi bu mesajların Böyük Britaniya xaricindən göndərildiyini və saxta hədələr olduğunu bildirib. Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
