Keniyada məhkəmə dini təriqət lideri Pol Makkenzini və daha 30-a yaxın müttəhimi 190 uşağın, eləcə də bir yetkin şəxsin qətlində təqsirli bilib.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu iş müasir tarixdə dini təriqətlərin fəaliyyəti ilə bağlı ən böyük faciələrdən biri hesab olunur.
Makkenzi 2023-cü ildə polis təriqətin fəaliyyəti haqqında məlumat aldıqdan sonra saxlanılıb. Bir neçə həftə sonra səlahiyyətlilər Keniyanın cənub-şərq sahilindəki Şakahola meşəsindəki dayaz qəbirlərdə cəsədlər aşkar etməyə başlayıblar.
Prokurorluğun versiyasına görə, Makkenzi və onun yaratdığı "Beynəlxalq Xoş Xəbər Kilsəsi" dünyanın tezliklə sonunun çatacağını təbliğ edən xristian təriqəti təşkil ediblər. İddialara görə, təriqət üzvlərinə dünyanın sonu çatmazdan əvvəl cənnətə düşmək üçün özlərini və uşaqlarını aclıqdan öldürmək tapşırılıb.
Makkenzi qətl ittihamlarını rədd edib və həlak olanları yeməkdən imtina etməyə məcbur etmədiyini bildirib. Lakin məhkəmə onun arqumentlərini qəbul etməyib.
Şakahola meşəsində ümumilikdə 400-dən çox meyit aşkarlanıb. Qalıqların çoxu kəskin çürümə vəziyyətində olduğundan yalnız 26 halda şəxsiyyəti müəyyənləşdirmək mümkün olub.
Bazar ertəsi elan edilən hökm 191 nəfərin ölümü ilə bağlıdır. Digər şəxslərin ölüm şəraitinin araşdırılması davam edir.
Səkkiz saatdan çox davam edən iclas zamanı hakim Diana Kavedza Moçaçe bildirib ki, bəzi hallarda uşaqlar təcrid edilib və valideynlərinin gözü qarşısında qidadan məhrum olunublar.
Təriqətin fəaliyyəti ilə yaxından tanış olan insanlar Makkenzinin üç mərhələdə kütləvi şəkildə acından öldürməyi planlaşdırdığını danışıblar. Əvvəlcə uşaqlar, sonra qadınlar və gənc kişilər, onlardan sonra isə qalan kişilər ölməli idilər.
Makkenziyə həmçinin Şakahola meşəsində insanların ölümü ilə bağlı terrorizm maddələri üzrə ittihamlar da irəli sürülüb. O, bunları rədd edir.
