Almaniya hökuməti süni intellektin inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirir.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Berlində Almaniyaya İnvestisiya Sammiti başlayıb. Sammitlə əlaqədar Kansler Fridrix Mertsin də iştirak etdiyi qəbul çərçivəsində Almaniyanın İqtisadiyyat və Enerji, eləcə də Tədqiqat, Texnologiya və Kosmik Fəaliyyət nazirlikləri ilə ABŞ-nin “Nvidia” texnologiya şirkəti arasında Niyyət Bəyannaməsi imzalanıb. Əməkdaşlığın əsas elementlərindən biri dövlət qurumlarını, sənaye və elm nümayəndələrini, eləcə də assosiasiyaları birləşdirən “Plattform Industrie 4.0” şəbəkəsidir. Şəbəkənin sənaye süni intellekti üzrə əsas strateji platformaya çevrilməsi, sənaye üçün ixtisaslaşmış açıq süni intellekt modellərinin hazırlanması və yeni texnologiyaların kiçik və orta müəssisələrdə də tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Almaniya hökumətinin məlumatına görə, əməkdaşlıq ölkənin sənaye məlumatlarına, istehsal imkanlarına və mühəndislik təcrübəsinə əsaslanacaq. “Nvidia” Almaniyadakı tərəfdaşları ilə əməkdaşlığı genişləndirəcək. Təşəbbüsün məqsədi sənayedə süni intellektin tətbiqini genişləndirmək, Avropada müasir texnoloji ekosistem yaratmaq və Almaniyanın rəqabət qabiliyyətini gücləndirməkdir.
Qeyd edək ki, “İnvestisiyalar üçün qırmızı xalça” devizi altında keçirilən Sammit işini oktyabrın 20-də də davam edəcək.
