İran XİN: Vaşinqtonla nüvə danışıqları aparılmır və bu məsələ hər hansı üçüncü ölkə ilə müzakirə olunmur

A- A A+

Vaşinqtonla nüvə danışıqları aparılmır və ABŞ iddia etdiyi kimi, bu məsələ hər hansı üçüncü ölkə, konkret olaraq Rusiya ilə müzakirə olunmur.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, Tehran Vaşinqtonla nüvə danışıqlarına başlamayıb, buna görə də Rusiya və ya digər ölkələrlə müzakirə edə biləcəyi hər hansı danışığın təfərrüatı mövcud deyil. “Biz Amerika tərəfi ilə nüvə danışıqlarına başlamamışıq ki, onların təfərrüatlarını digər tərəflərlə müzakirə edək”, - deyə XİN rəsmisi vurğulayıb.

Bəqai İranın nüvə məsələsi ilə bağlı mövqeyini yumşaltdığına dair fərziyyələri rədd edərək bildirib ki, Tehran öz prinsiplərinə və milli maraqlarına sadiq qalır. O əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri iki ölkə arasında aparılan müntəzəm məsləhətləşmələrin bir hissəsidir. Bu səfər aylar öncə planlaşdırılıb və məqsəd ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq prosesləri müzakirə etməkdir.

İran XİN sözçüsü qeyd edib ki, müzakirələr Qafqaz, Avropa, Ukrayna münaqişəsi, Körfəz və Hörmüz boğazı, eləcə də İranın nüvə proqramı mövzularını əhatə edib. Həmçinin Rusiya 2015-ci il nüvə sazişi ilə nəticələnən əvvəlki danışıqlarda mühüm rol oynayıb və gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bildirməkdə davam edir.

ABŞ-nin İrana yenidən hücum edəcəyi ilə bağlı sualı cavablandıran Bəqai bildirib ki, istənilən hərbi hücuma cavab veriləcək. O, Amerikanın İrana qarşı hücumlarının cavabsız qalacağı ilə bağlı iddiaları “illüziya” adlandırıb.

Bəqai bildirib ki, Tehran heç bir hərbi zərbəni cavabsız qoymayacağını artıq nümayiş etdirib. “Cavabımız daha güclü olmasa belə, mütləq eyni gücdə olacaq. ABŞ-nin hücumlar həyata keçirib heç bir nəticə ilə üzləşmədən geri çəkildiyi dövr artıq geridə qalıb”, - deyə o əlavə edib.

Onun bu açıqlamaları, ABŞ-nin İrandakı Külüng dağı ərazisinə hücum edə biləcəyi ilə bağlı iddialara cavab olaraq səslənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: